BMT-nin Baş katibi: "Dünya əvvəllər olmadığı kimi çoxtərəfliliyə ehtiyac duyur"

14 Mart 2019 14:05

Dünya əvvəllər olmadığı kimi çoxtərəfliliyə ehtiyac duyur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreşin Bakıda keçirilən "Dünyanın yeni xarici siyasəti" mövzusunda VII Qlobal Bakı Forumu iştirakçılarına müraciətində deyilir.

Müraciət BMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional bürosunun direktoru Miryana Spolyariç Egger tərəfindən səsləndirilib.

Müraciətdə deyilir: "Mən VII Qlobal Bakı Forumunun keçirilməsinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edirəm. Dünyamız paradoksla üz-üzədir: problemlər bir-biri ilə bağlıdır, amma cavablar fraqmentlər şəklindədir. Ekoloji təhdidlər və silahlı münaqişələr, artan bərabərsizlik və dözümsüzlük fonunda çoxtərəflilik əvvəllər olmadığı kimi zəruridir. Amma bu, kifayət deyil. Biz göstərməliyik ki, insanların qorxu və həyəcanını aradan qaldırmağa imkan verən və hər kəsə fayda verəcək ədalətli qloballaşmanı yaradan qərarların həlli üçün səylərimizi birləşdiririk".

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu "Dünyanın yeni xarici siyasəti" olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

Milli.Az