Bakıda idman gimnastikası üzrə Dünya Kuboku keçirilir - FOTO

14 Mart 2019 13:25

Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, martın 17-nə qədər davam edəcək yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku təqdim olunacaq.

Turnirin ilk günü kişilər təsnifat mərhləsində sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə tapşırıqları yerinə yetirəcəklər.

Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edirlər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edəcəklər, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayacaq. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparacaq.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az