Səudiyyə Ərəbistanında innovasiyalı "tibb şəhəri" salınacaq

15 Mart 2019 07:37

Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun Fərmanına əsasən krallığın Asir əyalətində innovasiyalı "tibb şəhəri" salınacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "tibb şəhəri" eyni vaxtda 5 min xəstəni müalicə etmək imkanına malik olacaq. Orada bir sıra ixtisaslaşdırılmış obyektlərin və xəstəxanaların tikintisi, o cümlədən müasir kardiologiya, onkologiya, nevralgiya, pediatriya mərkəzləri, ümumi sağlamlıq mərkəzləri və hospitalda yatmağa ehtiyacı olmayan pasiyentlər üçün yaşayış mərkəzlərinin tikintisi nəzərdə tutulur. Bütün obyektlər ən müasir və süni intellektlə təchiz edilmiş avadanlıqla təmin olunacaq.

Kompleksin Asir əyalətinin və krallığın daha üç regionunun tibbi ehtiyaclarını tam ödəyəcəyı bildirilir. "Tibb şəhəri"nin qonşu ölkələrdən müalicə almaq istəyən vətəndaşlar arasında da məşhur tibb ocağı kimi tanınacağı gözlənilir.

Bu meqalayihənin həyata keçirilməsi üçün 8 milyard dollar xərclənəcək.

Milli.Az