Latviyanın sabiq Prezidenti: "Qlobal Bakı Forumu özünü dünya liderlərinin əsas illik görüş yeri kimi göstərib"

14 Mart 2019 10:34

Qlobal Bakı Forumu özünü dünya liderlərinin əsas illik görüş yeri kimi göstərib.

Milli.Az xəbər verir ki, bunu Trend-ə özəl açıqlamasında Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa deyib.

O qeyd edib ki, Qlobal Bakı Forumu ildən-ilə daha irimiqyaslı, nüfuzlu və mühüm tədbirə çevrilir: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə yaradılan və təşkil edilən, Azərbaycan Prezidenti İlham Əliyevin daimi dəstəyi və himayəsindən yararlanan Bakı Forumu hazırda özünü sabiq və indiki dünya liderlərinin, aparıcı mütəfəkkirlərin və intellektualların, siyasətçilərin və şərhçilərin, mühüm beynəlxalq agentliklərin, fondların, analitik mərkəzlərin, qeyri-hökumət təşkilatlarının rəhbərləri və jurnalistlərin əsas illik görüş yeri kimi göstərir. Bir çox ölkələrin istedadlı gəncləri üçün xüsusi proqram da Forumun ümumi proqramının ayrılmaz hissəsinə çevrilib".

V.Vike-Freyberqa bildirib ki, Qlobal Bakı Forumu hər il ümumdünya əhəmiyyətli aktual məsələni əsas mövzu kimi seçir: "Bu il Forumun mövzusu "Dünyanın yeni xarici siyasəti"dir. Son illər ərzində gözlənilməz ciddi dəyişikliklər baş verib, iri dövlətlər arasında qüvvələr balansı, bir çox ölkələrdə müxtəlif siyasi qüvvələr arasında siyasi bərabərlik dəyişib. Xarici siyasətdə və beynəlxalq münasibətlərdə müşahidə olunan dəyişikliklərin bütün digər ölkələrə həm birbaşa, həm də dolayı yolla təsiri qaçılmazdır".

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri vurğulayıb ki, bu il 10 müxtəlif diskussiyadan ibarət zəngin proqrama malik Bakı Forumu siyasi, ictimai xadimlərə öz baxışlarını, biliklərini və dünyada baş verən hadisələrə yanaşmalarını təqdim etməyə imkan verəcək. Forumda təqdim edilən fikirlər, baxışlar böyük diqqətə səbəb olacaq, Bakının adı isə dünyada xüsusi nüfuzla və fərqləndirilərək səsləndiriləcək.

Milli.Az