Azərbaycan Beynəlxalq Bankı ilk Bakı Kouçinq və Liderlik Konfransına dəstək verəcək

14 Mart 2019 11:28

5 aprel 2019-cu il tarixində 1-ci Bakı Kouçinq və Liderlik Konfransı keçiriləcək. Konfransın sloqanı "İndi dəyişiklik zamanıdır". Beynəlxalq Kouç Federasiyası, Azərbaycan-Amerika Ticarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə keçirilən konfransa ölkəmizdə insan kapitalının inkişafına daim önəm verən Azərbaycan Beynəlxalq Bankı da dəstək göstərəcək.

1-ci Bakı Kouçinq və Liderlik Konfransında Azərbaycan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Birləşmiş Krallıqdan tanınmış kouçlar və liderlik üzrə mütəxəssislər bir araya gələcək. Toplantıda iş dünyasından 300-dən çox mütəxəssisin və idarəçinin iştirakı gözlənilir. Öyrənmə və beynəlxalq təcrübənin mənimsənilməsi üçün geniş imkanlar yaradan bu konfransda Azərbaycan Beynəlxalq Bankı təmsilçiləri də iştirak edəcək.

Azərbaycan Beynəlxalq Bankı 1-ci Bakı Kouçinq və Liderlik Konfransında iştirak arzusunda olanlara maraqlı bir imkan da yaradır. Yaxın günlərdə bankın Facebook sosial şəbəkəsindəki korporativ səhifəsində bununla bağlı müsabiqə elan ediləcək. Müsabiqənin 2 qalibi konfransda iştirak hüququ qazanacaq.

Konfrans haqqında ətraflı məlumatı www.clcbaku.com səhifəsindən əldə etmək olar. Tədbirdə iştirak üçün bileti isə buradan sifariş vermək mümkündür: https://clcbaku.ticketsetup.com

Kouçinq insanların könüllü, şüurlu və planlı şəkildə öyrənmə, fərdi inkişaf prosesidir. Kouçinqin əsas məqsədi şəxslərin potensialının üzə çıxarılması, onlarda özünəinamın və motivasiyanın artırılması, əldə etdikləri müsbət nəticələrin maksimum səviyyəyə qaldırılmasıdır. Bu cür tədbirlər isə Azərbaycanda kouçinqin yeni bir istiqamət kimi inkişafı, bu sahədə xarici təcrübənin öyrənilməsi, daha çox şəxsin kouçinqin imkanlarından faydalana bilməsi baxımından əhəmiyyətlidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.