Murat Bozdan bakılı qızlara jest, məşhurun ətrafında "yallı gedən" mühafizəçilər - VİDEO - FOTO

14 Mart 2019 10:17

Milli.Az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (9-cu say) və "Öldür beni sevgilim" filminin qala gecəsindən reportajı təqdim edir:

Ötən gün Bakının qonağı Türkiyənin məşhur müğənnisi Murat Boz və Azərbaycanda çox da tanınmayan Seda Bakan olub. Onlar baş rollarına çəkildikləri filmin qala gecəsi üçün paytaxtımıza gəliblər. Bakını gəzən məşhurlar filmdən əvvəl təşkil olunan mətbuat konfransında Azərbaycan və Bakıyla bağlı fikirlərini bölüşüblər.

Şəhərimizə ilk dəfə gələn Seda bura heyran qaldığını söyləyib. Onun dediyinə görə şəhərsalma cəhətdən Türkiyə Azərbaycanı nümunə götürməlidir. Aktrisa düşünür ki, Bakıda bütün yollar genişdir və günün istənilən saatında boş olur.

Məşhurların gülünc suallar verən müxbirləri ələ salması mətbuat konfransının ən diqqət çəkən məqamlarından idi. Hətta aktrisa müxbirlərin suallarının "yüzeysel" olduğunu söyləyərək narazılığını da bildirib. Murat Boz isə şəxsi həyatı ilə bağlı sualları zarafata salaraq cavablardan yayınmağa çalışıb.

Daha sonra onlar tamaşaçıların qarşısına çıxıblar. İkili qırmızı xalıdan keçərkən izdiham yaşanıb. Mühafizəçilər qızları Murat Bozdan güclə ayıra biliblər. Lakin müğənni Bakıya gələn digər məşhurlardan fərqli olaraq kinoteatrdakılarla bir-bir selfi çəkdirib, qucaqlayıb. Mühafizəçilər müğənninin ətrafında "yallı" gedən pozada dayanaraq şəkil çəkdirmək üçün qışqıra-qışqıra növbəyə düzülən qızlara nəzarət etməyə çalışıblar. Müğənninin onun mahnısını oxuyan azyaşlı oğlanı səhnəyə dəvət edərək onunla kiçik duet oxuması gecənin yaddaqalan məqamlarından olub.

Murat Bozdan bakılı qızlara jest, məşhurun ətrafında

Qalada yerli məşhurlardan Aqil M. Quliyev, hacı Nuran və "Hozu" filmi ilə tanınan Məcid Hüseynov iştirak ediblər. M.Hüseynovun Murat Bozla selfi çəkdirmək üçün çığır-bağır salan qızlara "lezvanı qoyun qırağa" deyərək söz atması zaldakıları güldürüb. Tamaşaçılarla selfi çəkimində Seda iştirak etməyib. O, bunu hamilə olması ilə əlaqələndirib.

2 saata yaxın davam edən film komediya, romantika və macəra janrındadır. Filmin gülməli başlayan səhnələri kinonun necə yekunlaşacağına dair maraq oyadır.

Film 18+ kateqoriyasında olmasa da, açıq, amma erotik olmayan səhnələr var. Kinoda bir neçə dəfə küçə söyüşlərindən istifadə olunub.

Filmin ssenarisi bir-birini sevib evlənən cütlüyün sonra da düşmənə çevrilməsi üzərində qurulub. Kinonun sonuna yaxın bəzi səhnələr reallıq dərəcəsini itirib, fantastik alınıb.

Film Türkiyənin turizm bölgələrində çəkilib. Dronla çəkilişlər, məkanın adlarının "non-blur" (açıq) göstərilməsindən aydın olur ki, film həmin ərazilərin reklamı üçün və ya onların sponsorluğu ilə lentə alınıb.

Macarə dolu səhnələrə dublyorun çəkilməsi normal hal olsa da, aktyorun yaxın planda çəkildiyi kadrların qeyri-peşəkar alınmasını montaj işinin qüsurlu olması ilə əlaqələndirmək olar.

Son zamanlar türkiyəli rejissorların ssenarinin güclü, ya zəifliyinə əhəmiyyət verməyərək məşhurları baş rola çəkməklə reytinq yığma cəhdlərinə baxmayaraq, "Öldür beni sevgilim" filmini məşhurların iştirakı ilə çəkilən filmlər arasında uğurlu kino hesab etmək olar. Çünki bu filmin ssenarisi fərqli, kinoda verilən mesajlar isə bəyənilən və təqdirəlayiq idi.

Filmdə sevdiyin insana güvənməyin önəmi, ətrafdakıların fikrinə əhəmiyyət verməmək, sevgi üçün mübarizə aparmaq və sadiqlik təbliğ olunub. Bundan əlavə, evlilikdə seksin vacibliyi qabardılıb. Ən əsası isə, pulun xoşbəxtlik gətirmədiyi, əksinə dostları düşmən etdirdiyi göstərilib.

"Ailəvi" baxılacaq film olmasa da, dostlar və tanışlarla rahatlıqla "Öldür beni sevgilim"ə baxıb, maraqlı səhnələrinə gülüb, zövq almağa dəyər.

Milli.Az