Təhsil xidmətləri göstərən fiziki şəxslər akkreditasiyadan keçirilə bilər - TƏKLİF

13 Mart 2019 17:19

Azərbaycanda təhsil xidmətlərini həyata keçirən fiziki şəxslər üçün akkreditasiya qaydalarının müəyyən edilməsi təklif olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva komitənin bu gün keçirilən iclasında çıxış edib.

S.Əliyeva təhsil xidməti ilə məşğul olan fiziki şəxslər üçün akkreditasiya qaydalarının müəyyən edilməsini vacib sayıb:

"Çox istərdim ki, Təhsil Nazirliyi təkcə təhsil fəaliyyətini həyata keçirən müəssisələrin akkreditasiya qaydalarını deyil, həm də fiziki şəxslərin- təhsil xidmətlərini həyata keçirən şəxslərlə bağlı akkreditasiya qaydalarını, şərtlərini müəyyən etsin. Çünki yerlərdə, xüsusilə regionlarda çoxlu məktəbəqədər təhsil, hazırlıq kursları və ona oxşar digər fəaliyyət növləri ilə məşğul olanlar var. Onların hamısı fiziki şəxs olaraq vergi qeydiyyatından keçirlər. Amma onların lisenziya almaq və akkreditasiyadan keçmək qaydaları müəyyən edilməyib. Təhsil ölkənin milli təhlükəsizliyini təmin edən vacib məsələdir. Bu baxımdan məsələnin də qanunvericilikdə nəzərə alınmasını istərdim".

Komitənin sədri İsa Həbibbəyli isə qeyd edib ki, ən yaxın zamanlarda akkreditasiya ilə bağlı yeni təkliflər paket müzakirə üçün təqdim ediləcək. O, hazırda bu istiqamətdə işlərin aparıldığını da qeyd edib.

Milli.Az