Bakıda kişini soyundurub döydülər, videoya çəkib pul tələb etdilər - MƏHKƏMƏ

13 Mart 2019 12:19

Quldurluq və hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayevin apellyasiya şikayəti təmin edilməyib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb. Həmin şəxslər Bakıda tanıdıqları şəxsi soyundurub döyərək şəxsiyyətini alçatmaqda və daha sonra ondan pul tələb etməkdə təqsirli bilinirlər.

Məlum olub ki, Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayev zərərçəkmişi soyundurduqdan sonra onun telefonla çəkərək görüntüləri özlərində saxlayıblar. Daha sonra həmin görüntülərlə zərərçəkmiş şantaj edərək dəfələrlə ondan pul tələb ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Z.Hüseynov 8 il, R. Sultanov və H.Həsənov 7 il 6 ay, D.Abdullayev isə 8 il 6 ay azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslər barələrində çıxarılan hökmdən apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsində  hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, həmin şəxslərin apellyasiya şikayətləri təmin edilməyib.

Milli.Az