Sumqayıtda 6 ədəd TAB-7 aviabombası tapılıb - FOTO

13 Mart 2019 08:12

Sumqayıtda 6 ədəd aviabomba tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Milli.Az-a verilən məlumata görə, martın 12-də saat 16:27-də Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən Agentliyə Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə su kanalının kənarına baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 6 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) aviabomba (TAB-7) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aviabombaların ətrafında 300 kv.m əraziyə yerüstü, 10 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Milli.Az