ABŞ-ın 20 aeroportunda üztanıma sistemi tətbiq olunacaq

13 Mart 2019 08:59

"BuzzFeed News" xəbər portalı "Electronic Privacу Information Center" qeyri-kommersiya təşkilatının məlumatına əsasən bildirib ki, ABŞ hökuməti ölkənin 20 aeroportunda üztanıma sistemini tətbiq etməyə hazırlaşır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, prezident Donald Tramp öz səlahiyyətlərinin icrasına başladıqdan sonra Milli Təhlükəsizlik Nazirliyinə ölkənin sərhədlərini keçənlərin hamısının biometrik yoxlamadan keçirilməsi sisteminin tətbiqi barədə göstəriş verib. Sistemdə 2021-ci ildə ABŞ-ın 20 aeroportunda amerikan vətəndaşları da daxil olmaqla bütün sərnişinlərin üztanıma aparatında yoxlanılması nəzərdə tutulur. "BuzzFeed News" portalının xəbərində qeyd olunur ki, artıq gömrük və sərhəd nəzarəti xidmətləri bu sistemin tətbiqi üzərində fəal iş aparırlar və Trampın göstərdiyi müddətdə prosesi başa çatdırmağa çalışırlar.

Sənədlərdə qeyd olunur ki, gömrük və sərhəd nəzarəti xidmətləri mülki şəxslərin də iştirakı ilə geniş şəkildə istifadə olunacaq müvafiq texnologiyanın tətbiqindən əvvəl ictimai rəyi öyrənməyəcək. Bu, məxfilik və vətəndaş azadlıqları ilə məşğul olanları narahat edir və onlar iddia edirlər ki, vətəndaş hüquqlarının pozulması ilə yanaşı, yeni sistemin tətbiq edilməsi nəticəsində toplanacaq məlumatlar hakerlərin hücumlarına məruz qala bilər. Bu isə, öz növbəsində, gömrük və sərhəd nəzarəti xidmətləri tərəfindən vətəndaşların məlumatlarının toplanması nəticəsində insanları risk altında qoya bilər.

Büro istəyir ki, artıq cari ilin sonunda ABŞ-ın 12 aeroportunda həyata keçirilən 30 beynəlxalq reyslərdə üztanıma sistemi tətbiq olunsun. Lakin hazırda ABŞ-da bu sistemin istifadəsini tənzimləyən qanunvericilik bazası yoxdur. Hakimlər hələ də bu yeniliyin ölkə Konstitusiyasına dördüncü düzəlişin pozulması olduğu barədə qərar verməyiblər. Bununla belə, artıq sistem Atlanta, Nyu-York, Boston, San-Xose, Çikaqo və Hyuston aeroportlarında işləyir. Texnologiyanı Delta, JetBlue, British Airwaуs, Lufthansa и American Airlines kimi iri aviaşirkətlər dəstəkləyir.

Milli.Az