Milli.Az ayna.az-a istinadən İbrahim Nəbioğlunun yazısını təqdim edir
(SİDİKLİ BİR ESSE - 1)
"Şərqin dəhşət və sərsəmləməsi. Asiyanın tozlu fəlakəti. Yaşıl rəngi ancaq Peyğəmbərin bayrağında görmək mümkündür. Burada bığdan başqa heç nə çıxmır. Qaragözlü, axşama tükləri üçgünlük saqqal kimi uzanan bir diyardasan. Tonqal kömürləri sidiklə söndürülür burada. O qoxu! Ucuz tütün və tərli sabunun qatışığı".
İstanbula gələndə 45 yaşındaydı. İki il əvvəl anasını, bir il əvvəlsə atasını itirmişdi. Kremldəkilər Sovet İttifaqına dəfnlərə gəlməyə icazə vermədilər. Kim bilir, bəlkə İstanbula da elə doğulduğu torpaqlara yaxın olmaq üçün gəlmiş, oraların havasını İstanbulda hiss edəcəyinə ümid etmişdi. Ancaq o, axtarıdığını tapa bilmədi. Bəlkə də tapmaq istəmədi. O, zatən İstanbulu Şərqlə Qərbin kəsişdiyi, mədəniyyətlərin qucaqlaşdığı bir meqapolis kimi görmürdü. İstanbul onun üçün Şərq idi, özünün yazdığı kimi "itaət və iyerarxiya ənənəsinin var olduğu, mütləq əxlaq prinsiplərinə zidd olan" bir Şərq.
Təsbitləri çox sərt və birtərəflidir. Məsələn, "Şərqi ideallaşdırsaq belə orada demokratik ənənələrə oxşar heç nə görə bilmərik" deyir. İslama olan fobiyasını, Şərqə pataloji nifrətini gizlətmir. Düşünürsən ki, bu böyük humanisti, nəhəng şairi necə "böyük" və "nəhəng" adlandırıblar. Və ya onu Nobel mükafatına layiq görənlər bu qədərmi göz yumublar hər şeyə...
* * *
Gənckən xəbər mənbəyimiz azsaylı xarici radio-stansiyalardılar. Axşam düşən kimi mətbəxə keçib, VEF radiosunu sağa-sola fırlayıb min bir çilə ilə "Amerikanın səsi" kanalının dalğasını yaxalamağa çalışırdıq. Hər şey sirli və qəribə gəlirdi o vaxt - diktorların qulağa xoş gələn fərqli rus şivəsi, saatbaşı xəbərləri, əfsanəvi Uillis Konoverin kultlaşmış "Caz Saatı" və s. Mən"Amerikanın səsi"nə bu caz verilişinə görə aludə olmuşdum. Uillis Konover və proqramın digər aparıcısı Sofya Tarnovskayanın səslərinə heyrandım. Ancaq zamanla xəbər buraxılışlarının da "tiryəkisi" oldum. Elə xəbər buraxılışı olmazdı ki, "Amerikanın səsi" sovet dissidentlərindən, məruz qaldıqları işkəncələr və məhkəmə proseslərindən məlumat verməsin. Vladimir Bukovski, Aleksandr Soljenitsın, Andrey Saxarov, Larisa Boqoraz, Natan Şaranski və onlarla başqa dissidentlər Sovet sistemini təməldən silkələyir, kommunist rejimin labüd sonunu yaxınlaşdırırdılar. Brodskinin adını da ilk dəfə onda eşitdim...
İosif Brodski (Иосиф Бродский, 1940-1996) o vaxt artıq Sovetlərdən mühacirət etmiş (oxu: qovulmuş)tanınmış şair idi, ədəbiyyat üzrə Nobel mükafatı (1985) laureatı idi. 7 sinif orta məktəb təhsili görmüşdü. Ailəsinə kömək məqsədilə zavodda fəhlə işləmişdi. Məhz o illərdə dövrün azad fikirli şair və yazarları ilə tanış olur, 24 yaşından yazdığı şeirlərə görə KGB tərəfindən təqib edilir, psixiatrik dispanserlərdə dəfələrlə işkəncələrə məruz qalır. Qısa bir zaman içində gənc Brodski Sovet totalitar rejimilə mübarizənin simvoluna çevrilir. Sartr, Şostakoviç, Marşak, Paustovski, Tvardovski kimi tanınmış aydınlar onun müdafiəsinə qalxırlar. Brodski çəkdiyi iztirablardan danışmır, özünü "rejim qurbanı" yerinə "self-made man" kimi göstərməyə çalışırdı. 1972-də beynəlxalq ictimaiyyətin dəstəyi ilə o, SSRİ-dən Amerikaya mühacirət etməyə müyəssər oldu.
1987-ci ildə "Çoxşaxəli yaradıcılığındakı iti düşüncə və dərin poetikasına" görə Brodski ədəbiyyat üzrə Nobel mükafatı aldı. O, bu mükafatı alanda artıq Amerika vətəndaşı idi və var gücü ilə Sovet rejimini "bombardman" edirdi. Lakin gənc yaşda aldığı psixiki travmalar və keçirtdiyi infarktlar onu uzun yaşamağa qoymadılar....
"Perestroyka" və "qlasnost"la populyar rus jurnalları Brodskini çap etməyə başladılar. O, şeirlərini rus, esselərini ingiliscə yazırdı. Bu səbəbdən də jurnallar üstünlüyü şeirlərə verirdilər - esselər ruscaya hələ tərcümə olunmamışdılar. 1985-ci ildə yazdığı "Bir otaq yarım" (Полторы комнаты) essesi rus dilində ancaq 10 il sonra çıxdı. Geniş rezonansa səbəb olan esse onun valideynləri ilə Peterburqa həsr edilib. Brodski heyranı deyildim, ancaq on il əvvəl Moskvada ezamiyyətdə ikən təsadüfən əlimə bu esse düşdü. Onun başqa yazılarını axtarmağa başladım. Axtarmaz olaydım...
* * *
"Elə yerlər var ki, xəritəyə baxanda sizi bir anlığa Qəzavü-qədərlə doğmalaşdırır. Elə yerlər var ki, orada tarix yol qəzası kimi qaçılmazdır, onların coğrafiyası tarixi həyata səsləyir. İstanbul da belədir, o İstanbul ki, həm Konstantinopoldur, həm də Bizans".
Essenin adında "İstanbul" vardı deyə acgözlüklə oxumağa başladım. Oxumaz olaydım...
"İstanbula səyahət"də ümumiləşdirmə yoxdur. Zatən ilk cümləsində etirafı edir bunu: "Hər müşahidə müşahidəçinin şəxsi keyfiyyətləri ilə qüsurludur". "Göyə raket kimi saplanmış" minarələr gözünə "batır" müəllifin, Aya Sofya "ağrısı"nı dilə gətirir və hər abzasda tozdan yazır. Yaydır, istidir və Brodski ancaq toz gürür (Hərçənd ki, İstanbulun hər tərəfi dənizdir, Bosfor boğazı var, yəni tozlu şəhər deyil). O, essedə İstanbulla Konstantinopol arasında sıxışıb qalır, qərar verə bilmir - keçmişə gedir də itir-batır, bu günlərə gəlir Şərqə düşür. İslam dözülməzliyi, ona xor baxışı o qədər barizdir ki, istəsə də gizlədə bilmir. Sevmir İstanbulu, diksinir, ancaq elə ki, Konstantinopola qayıdır baxışları kəskin dəyişir - tozlu İstanbul dönüb möhtəşəm Bizans, tarix qoxan Konstantinius olur. İstanbul Brodskinin sadəcə baxışlarını, mənəvi dəyərlərini deyil, gördüklərini, eşitdiklərini və hisslərini də təhqir edir. Onun gözündə İstanbul "Toz"un təntənəsi, kütlənin içində yox olan insanın məskənidir. İstanbul onun üçün nə bu gündür, nə də sabah, İstanbul - dünənki gündür, keçmişin Şərq üzərindəki proyeksiyasıdır. Bu da Brodski üçün heç bir şey ifadə etmir:
"Ah bu bir-birlərini, sələflərini, rəqiblərini, qardaşlarını, ata-analarını, nəvə-nəticələrini doğrayan saysız-hesabsız Osmanlar, Mehmetlər, Muratlar, Bayazitlər, İbrahimlər, Selim və Süleymanlar. Hələ II Murad və ya III - nə fərqi var - ayna qarşısında üzünü qırxan adamın sürəkliliyi ilə on iki qardaşını öldürəni heç demirəm. Ah bu sonsuz, durmadan davam edən müharibələr: kafirlərə, müsəlmanlara, yəni şiyə müsəlmanlara qarşı, imperatorluğun genişlənməsi üçün, intiqam, özünümüdafiə üçün olanlar".
Bəzi tənqidçilər "İstanbula səyahət"i Brodskinin öz şüuraltısı ilə dialoqu adlandırır, bariz qəzəb və nifrinin arxasında metaforik məna olduğunu iddia edirlər. Ancaq esseyə Qərb demokratiyasının himni demək, İslam avtoratizmini ifşa kimi qiymətləndirmək yanlış olar. Oxuyarkən konkret bir hədəfin olmadığı görünür. İstanbulda qalmaq istəmir Brodski. Tez-tələsik getməyi düşünür, ancaq getmir, qayıtmağı uzadır, "Şərqdə hər şeydə olduğu kimi hədəfə yaxınlaşdıqca ona çatmaq dumanlı hal alır" yazır.
Sözü ilə əməli fərqlidir Brodskinin. "Mənə cənub lazım deyil" deyir kirli və tozlu Şərq haqda yazarkən. Tarixboyu neçə imperatorluğa paytaxt olmuş və neçə hökmdarın əlçatmaz xəyalı olan "Şəhərlər Şəhəri"ni "Şərqin İstanbulu" adlandırır. "Qərbin İstanbulu"nu isə görmür, görmək istəmir. Ancaq alt paltarlarının bayraq kimi dalğalandığı Neapol küçələri, lağım qoxan pasaqlı Meksika bazarları, mafiozilər məskəni Siciliya qəsəbələri şairə daha əzızdir. Rus şairələrindən biri Brodskinin İstanbulu Şərqin simvolu seçməsinə üsyan edərək "Başına şəhərmi qəhətdi? Nə gəlmişdi Bağdadlara, Şamlara?" deyə sual edir.
"Bəy" deyir, bəyənmir, getmək istəyir, gedəmmir şair. Topkapı sarayını gəzir, dilini dinc tutmur. Tənqidçilərdən biri onu "Богохульник" (kafir, küfr edən) adlandırır. Çünki Peyğəmbərə küfr edir, ona insanabənzər qar adam - Yeti deyir:
"Ortada kvadrat şüşə qapağın altında qızılı çərçivə ilə haşiyələnmiş tünd qəhvəyi rəngdə bir əşya yerləşir. Onun nə olduğunu üstündəki yazını oxuyanda anladım. Yazı təbii olaraq türk və ingilis dillərindədir. Tuncdan tökülmüş "Peyğəmbərin ayağının izi". Eksponata baxaraq ayaqqabının ölçüsünün ən az 48 olduğunu düşündüm. Və elə ordaca səksəndim: Yeti"...
Brodski bir-neçə gün İstanbulda vurnuxandan sonra gəmi ilə Afinaya gəlir, yerləşdiyi "Likabett" otelində qeydlərini gözdən keçirməyə başlayır. O, Nobel mükafatını hiss edirdi, onun ayaq səsləri qulağında idi. Ancaq bu yolda nəsə çatmırdı, onu tamamlamaq lazımdı. Və o, "haqqın yolunu" tapır - Qeydlərini kağıza köçürərkən kin və küdurətinin dozasını artırır. Bu şəkildə Nobel Komitəsini daha çox məmnun edəcəkdi. Bunu anlayırdı. İllər sonra Orhan Pamuk da bu yolu seçəcəkdi. Der Spiegel və Time jurnallarına verdiyi müsahibələrdə "Bizim torpaqlarda 1 milyon erməni və 30 min kürd öldürüldü" deyərək, arzusuna çatmışdı. 2006-cı ildə o da ədəbiyyat üzrə Nobel mükafatı aldı. O, bu mükafata "İstanbulun melanxolik ruhunun izlərini axtararkən mədəniyyətlərin toqquşması və hörülməsi üçün simvollar tapdığı üçün" layiq görülmüşdü.
Orhan Pamuk kiafyət qədər mütaliəli bir intellektualdır. O, "İstanbul: Xatirələr və Şəhər" kitabını yazarkən Brodskinin 1985-ci ildə çıxan bu essesini oxumaması imkansızdı. Ancaq Pamuk İstanbula xəyanət etdi, kitabında Brodskinin "Sidikli esse"sinə cavab vermədi...
Yanılmıramsa nə "Bir otaq yarım", nə də "İstanbula səyahət" dilimizə tərcümə olunmayıblar. Və mən də əslində Brodski, daha doğrusu onun essesi haqda kiçik bir yazı yazacaqdım. Qısa alınmadı, ardı qaldı gələn məqaləyə.
Milli.Az