Tez qocalmaq istəmirsinizsə, bu qidalardan uzaq olun

16 Mart 2019 23:45

Şəhər həyatının stresi, Günəş şüaları, eləcə də qəbul etdiyimiz qidalar erkən yaşlanmağa səbəb olan faktorlar sayılır. Bu faktorların həyatımıza təsirini azaltmaqla problemin də qarşısını müəyyən qədər ala bilərik.

Milli.Az e-tibb.az-a istinadən çox yediyinizdə sizi olduğunuz yaşdan 10 il qoca göstərən qidaları təqdim edir. Cavan qalmaq istəyirsinizsə, bu qidalardan rasionunuzda az istifadə edin.

Qida mütəxəssisləri süd məhsullarından çox istifadə edən bəzi adamların erkən yaşlana biləcəklərini deyirlər. Çünki süd məhsulları eqzema, sədəf kimi dəri xəstəlikləri zamanı yaranan qızartını artırır.

Kolbasa, sosis kimi doymuş yağ nisbəti yüksək olan işlənmiş qidalar qanda xolesterolun yüksəldir. Nəticədə orqanizmin piylənməsinə və orqanların iltihablanmasına səbəb olur. Ona görə də bədənimizin erkən qocalmasına və yaşlı görünməsinə zəmin yaradır.

Duzdan çox istifadə bədən və dəri üçün olduqca zərərlidir. Belə ki, sodiumla zəngin qidalarla çox qidalanmaq bədəndə şişkinliyə səbəb olur. Bu narahatlıqlarla qarşılaşmamaq üçün qəbul etdiyiniz duz miqdarını azaldın.

Aparılan elmi araşdırmalar göstərib ki, şəkərli və qazlı içki çox içən şəxslərin xromosomlarının uc qismindəki hüceyrə yaşını təyin etməkdə effektiv olan telomer strukturları daha qısadır. Şəkərli içkilər şişmanlığa da səbəb olur. Kök olmaq isə sizi olduğunuzdan daha yaşlı göstərən amillərdən biridir.

Spirtli içki və siqaret kimi zərərli vərdişlər dərinin birinci düşmənləridir. Daim alkoqol və siqaret istifadə etmək dərinin kollagen strukuturunun pozulmasına səbəb olur və yaşlanma prosesini sürətləndirir.

Milli.Az