Trombları vaxtında aşkarlayan və əməliyyatsız məhv edən cihaz icad olunub

16 Mart 2019 21:10

Rusiyalı alimlər qan damarlarında olan trombları bütün orqanizmi təhlükəyə atmadan, tez bir zamanda tapmağa və məhv etməyə imkan verən ultrasəs cihazı icad ediblər. Cihazının təsviri və testinin ilkin nəticələri artıq elmi-tibbi jurnalda dərc olunub.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bu, ultrasəslə qan laxtalanması monitorinqi metodu kimi seçilib. Bu metod trombların əmələ gəlməsinə meylli olan böyük qan damarlarında təhlükənin olub-olmadığını öyrənməyə imkan verir.

Arteriya və venalarda trombların əmələ gəlməsi ürək problemlərinin başlıca səbəblərindən biri hesab olunur. Bu isə bir çox hallarda ölüm riski yaradır.

Damarlarda əmələ gələn tromblar insanın ölümünə və ya bir çox orqan və toxumaların hipoksiyasına (oksigensiz qalmasına) gətirib çıxarır.

Alimlər bu  neqativ hallarla mübarizə aparmaq, trombları vaxtında  aşkarlamaq üçün tətbiq olunan bu ultrasəs detektorunu kompüter sisteminə qoşurlar. Damarda tromb və ya ona səbəb ola bilən nəsə aşkarlansa, bu sistem orqanizmə antikoaqulyant preparat  daxil edir.

Aparılan təcrübələr göstərir ki, yeni cihaz trombun əmələ gəlməsini lap erkən  mərhələdə aşkarlayır, həyati təhlükə kəsb etməyən etapda, ən kiçik dozada olan  antikoaqulyantların köməyi ilə onları məhv edə bilir.

Milli.Az