Qəbizlikdən şikayət edənlərə həkim MƏSLƏHƏTİ

16 Mart 2019 23:40

Günümüzdə qəbizlikdən əziyyət çəkənlərin sayı yetərincədir. Mütəxəssislər problemin aradan qaldırılması üçün müalicələrlə yanaşı müxtəlif pəhriz proqramları, təbii vasitələrdən yararlanmağı da vacib sayırlar.

Milli.Az e-tibb.az-a istinadən daxili xəstəliklər üzrə mütəxəssis Çinarə Səfərovanın qəbizlikdən əziyyət çəkənlər üçün tövsiyələrini təqdim edir:

Hər gün 2,5-3 litr su içmək vacibdir.

Sağlamlıqla bağlı hər hansı probleminiz yoxdursa, gündə 2 fincan razyana, yaşıl çay və çobanyastığı çayı için.

Maqneziumla zəngin qidalar bağırsaq fəaliyyətini sürətləndirir, xüsusilə ispanaq, kahı, kərəviz, təzə paxla, xiyar, qoz-fındıq, badam maqnezium tərkiblidir.

Hər gün içilən 1 stəkan mineral su da maqnezium tərkibli olduğu üçün qəbizliyə faydası olacaq.

Daim idman etmək qəbizlik əlamətlərini azaldır. Gündə ən azı yarım saat piyada gəzin.

Ayaqyoluna hər gün eyni saatda getməyə çalışın. Tualetə getmək istəmirsinizsə, 10-15 dəqiqə oturmağa çalışın. Bu zaman tualetə getmək istəyiniz yaranacaq.

Səhər oyandıqda otaq temperaturunda 1 stəkan su və ya 1-2 ədəd quru ərik yeyə bilərsiniz.

Əgər qəbzlikdən uzun zamandır əziyyət çəkirsinizsə, 2 ədəd quru ənciri, 2 ədəd quru əriyi kiçik-kiçik doğrayıb, 1,5 stəkanı su ilə qaynadın. Daha sonra içinə yarım çay qaşığı zeytun yağı, 1 çay qaşığı kətan toxumu əlavə edib robotdan keçirin. Səhər acqarına 2 stəkan ilıq suya bu qarışımdan 1 çay qaşığı əlavə edərək qəbul edin.

Qəbizlik problemini aradan qaldırmaq üçün həkimlə məsləhətləşmədən heç bir dərman qəbul etməyin.

Milli.Az