ABŞ-ın Ankaranı qorxutması ilk dəfə deyil - Rus ekspert

10 Mart 2019 12:57

Vaşinqtonun Ankaranı qorxutması birinci dəfə deyil.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Vladimir Bruter Pentaqon sözçüsü Çarlz Sammersin Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri almasının nəticələrinin ağır olacağı ilə bağlı sözlərini şərh edərkən söyləyib.

"Mediada Türkiyənin ABŞ-a təslim olması variantı da yazılır. Bu, Türkiyə üçün qəbuledilməzdir. Çünki belə bir vəziyyətdə Türkiyə subyektivliyini itirəcək və ABŞ-ın tamamilə asılı bir müştərisinə çevriləcək. ABŞ təzyiq etməyə davam edəcək və Ankaradan razılaşmanı ləğv etməyini istəyəcək", - Bruter deyib.

Ekspert Türkiyənin ABŞ-a qulaq asmayacağını, Rusiyanın silah sistemlərini almasının Ankaraya müstəqil xarici siyasət yeritməsinə imkan verəcəyini vurğulayıb:

"ABŞ-ın Türkiyəyə qarşı bəzi sanksiyalar və məhdudiyyətlər tətbiq edəcəyi gözlənilə bilər. Amma Vaşinqton Ankarayla münasibətlərinin pisləşməsini istəmir və dialoqun davam etdirilməsi ilə Türkiyənin ABŞ-ın təsirində qalmasını zəmanət altına alacağını düşünür. Bu səbəbdən S-400-lə bağlı bütün müzakirələrdən sonra ABŞ-ın çətin bir qərar verməsi lazımdır".

Qeyd edək ki, bundan əvvəl Pentaqon sözçüsü Çarlz Sammers Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri almasının nəticələrinin ağır olacağını deyib.

Milli.Az