İcbari tibbi sığortanın qiyməti məlum oldu — Bir hissəsini dövlət ödəyəcək

9 Mart 2019 21:29

Növbəti ildən bütün ölkə üzrə icbari tibbi sığorta sistemi tətbiq ediləcək. Artıq icbari tibbi sığorta haqlarının məbləği məlum olub. Əhalinin müəyyən hissəsinin sığorta haqlarını isə dövlət üzərinə götürəcək. Bundan əlavə, evdar qadınlar ya da qeyri-rəsmi işləyən şəxslər sabit bir məbləğ ödəyərək icbari tibbi sığortadan yararlana biləcəklər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, vətəndaşların ödəyəcəkləri icbari tibbi sığorta pulunun məbləği açıqlanıb. İşləyən əhali üçün bu məbləğ şirkətlərdən və onların isçilərinin əməkhaqlarından tutulacaq.

Sığorta sahəsi üzrə ekspert Aqşin Əlizadə deyir ki, əhalinin 45%-nin sığorta pulu dövlət tərəfindən ödəniləcək. Belə ki, əhalinin müəyyən kateqoriyasının, yəni 18 yaşınadək usaqlar, pensiya yaşında olan vətəndaşlar, əlillər, aztəminatli ailələr, tələbələr və hamilə qadinların sigorta pulunu dövlət öz üzərinə götürəcək.

Aqşin Əlizadə bildirib ki, dövlət 29 manat ödəyərək bütün əhalini ilkin tibbi yardım xidməti almaları üçün sığortalayacaq. Gələcəkdə hər bir vətəndaşın ailə həkimi olacaq. Hər bir ailə həkiminə 2000 nəfərə yaxın əhali təhkim olunacaq. Vətəndaş ehtiyacı olduqda ailə həkiminə müraciət edə biləcək. Ailə həkimi də vətəndaşı daimi yoxlayacaq və ona ilkin tibbi xidmət göstərəcək.

Qeyri-rəsmi işləyənlər və evdar qadınların da icbari tibbi sığortadan yararlanmaq imkanları olacaq

Qeyd edək ki, icbari tibbi sığorta gələn ildən bütün ölkə üzrə tətbiq ediləcək.

Milli.Az