Ruzisinin artmasın istəyən şükr etsin

12 Mart 2019 21:45

Şükr yaxşılıq müqabilində edilən razılıq, minnətdiarlıqdır. Dini termin olaraq, Allahın verdiyi nemətlər qarşısında Ona minnətdar olmaq, həmd-səna etmək mənasını bildirir.

Dilçi alimlər qeyd etmişlər ki, şükr həmddən fərqlidir. Həmd heç bir yaxşılıq görmədən, təmənnasız şəkildə edilən tərif və ucaltmadır. Şükr isə, hər hansı nemət və ehsan müqabilində edilir. Həmd yalnız dillə edildiyi halda, şükr həm dillə, həm də əməllə yerinə yetirilə bilər.

Milli.Az islam.az-a istinadən bildirir ki, Qurani-kərimdə də "şükr" kəlməsi Allahın öz bəndələrinə bəxş etdiyi nemətlərlə yanaşı çəkilir: "Allah sizi analarınızın bətnindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, şükr edəsiniz" (Nəhl, 78). Ayələrin birində Allah-təala insanların qidaya olan ehtiyacını aradan qaldırmaq üçün əti yeyilən heyvanlar yaratdığına işarə edərək buyurur: "Onları sizə belə ram etdik ki, bəlkə şükr edəsiniz" (Həcc, 36).

Şükr etmək müsəlman əxlaqının ən üstün cəhətlərindən və Allahın bəyəndiyi ən gözəl əməllərdəndir. Hər kim Allahdan aldığı nemətə görə şükr etsə, Allah ona qat-qat artıq nemət bağışlayar: "Yadınıza salın ki, o zaman Rəbbiniz belə bildirmişdi: "Əgər şükr etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) mənim əzabım həqiqətən, şiddətlidir" (Ibrahim, 7). "Həqiqətən, Loğmana: "Allaha şükr et!" - deyə hikmət verdik. Kim şükr etsə, özü üçün şükr edər. Kim nankor olsa, bilsin ki, Allah onun şükrünə möhtac deyil, (özlüyündə) şükrə layiqdir!" (Loğman, 12). "Əgər siz şükr etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin?! Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir" (Nisa, 147). "Allah şükr edənlərə mükafat verər" (Ali-Imran, 144).

Təəssüf ki, bir çox insanlar Allahın saysız-hesabsız nemətlərindən faydalansalar da, şükr etmirlər, bununla da Onun qəzəbini qazanırlar: "Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükr etməzlər!" (Bəqərə, 243). Qurani-kərimdə rifah içində yaşayan, amma bunun müqabilində Allaha şükr etməyən, nankor olan və təbii fəlakət (sel) nəticəsində yer üzündən silinən Səba xalqı haqqında danışılır (Səba, 15-17).

Həzrət Mühəmməd Peyğəmbərin (s) hədislərində də şükr etmək ən gözəl sifətlərdən biri kimi xatırlanır: "Mömin əgər sevindirici bir işlə qarşılaşsa, şükr edər və həmin iş onun üçün xeyirli olar. Əgər kədərli bir işlə qarşılaşsa, səbir edər və bu iş də onun üçün xeyirli olar".

Islam Peyğəmbəri şükr və bəndəliyin canlı nümunəsi idi. Gecələr yoruluncaya kimi ibadət edər, "Axı, Allah sənin keçmiş və gələcək günahlarını bağışlayıb. Niyə özünə əziyyət verib ibadət edirsən?" deyə soruşanlara belə cavab verərdi: "Deyirsiniz ki, Allaha şükr edən bəndə olmayım?".

Peyğəmbərin aşağıdakı mübarək kəlamı şükr edən şəxsin nə qədər böyük savab qazandığını göstərir: "Hər kim yemək yeyib buna görə Allaha şükr etsə, Allah rizası xatirinə oruc tutan qədər savab qazanar. Hər kim salamatlıq içində yaşayıb Allaha şükr etsə, bəlaya düşən və səbir edən adam qədər savaba sahib olar. Şükr edən varlının savabı kasıblığına qane olan adamın savabı qədərdir".

Milli.Az