Aktyor Coşqun Rəhimova yeni diaqnoz qoyuldu
11 Oktyabr 2011 14:21
Milli.Az xəbər portalının məlumatına görə, bunu "Trend Life"a açıqlamasında aktyorun həmkarı Rafael İskəndərov bildirib.
"Allaha şükürlər olsun ki, Coşqun özünü yaxşı hiss edir və ev şəraitində müalicə alır. Həkim onu müayinə edib və həddindən artıq yorğunluq diaqnozu qoyub. Bu, konsertöncəsi sıx çalışmalarla bağlıdır. Daha müalicə üçün Türkiyəyə getməyə ehtiyac yoxdur", - deyə R.İskəndərov bildirib.
Xatırladaq ki, oktyabrın 5-də "Bu şəhərdə" layihəsinin ənənəvi konsertlərinin ilk günündə C.Rəhimov kulis arxasında huşunu itirmişdi. Sonrakı günlərdə Coşqun səhnəyə iynə vurduraraq çıxıb, tamaşanın gedişində kulis arxasında həkimlər növbə çəkiblər.
Bundan sonra layihənin prodüseri və müəllifi Müşfiq Abbasov aktyorun müalicə üçün Türkiyəyə yollanacağını bildirmişdi.
Xatırladaq ki, 2010-cu ilin noyabrında Coşqun Rəhimovda qalxanabənzər vəzin xərçəngi xəstəliyi aşkarlanmışdı. Əməliyyat olunan aktyor yarım ildən bir İzmirdə xüsusi müalicə kursu keçir.
Milli.Az