Azərbaycan milli mətbuatının 135 illiyi ilə bağlı təkliflər paketi hazırlanıb

8 Aprel 2010 16:22
Bu barədə məlumatı Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov verib. Onun sözlərinə görə, bu tarixi hadisənin yüksək səviyyədə qeyd olunması üçün hazırlanan təkliflər paketi Prezident Administrasiyasına təqdim olunub.

Mətbuat Şurası milli mətbuatın yaranmasının 135 illiyi ilə bağlı tədbirləri Prezident Yanında KİV-ə Dövlət Dəstəyi Fondu ilə bigə keçirəcək. Əflatun Amaşov bildirib ki, Şura ilə Fond Azərbaycanın bir çox bölgəsində milli mətbuatın yaranmasının 135 illiyinə həsr olunan müxtəlif tədbirlər keçirmək niyyətindədir: "135 illiklə bağlı ən böyük tədbir isə şübhəsiz, Bakıda keçiriləcək. Kütləvi informasiya vasitələrinin rəhbərləri də öz təkliflərini şuraya təqdim edə bilərlər".

Onun dediyinə görə, ən böyük tədbir iyulun 22-də Bakıda keçiriləcək: "Biz KİV nümayəndələrinin mükafatlandırılması ilə də bağlı təkliflərimizi hazırlamışıq. Düşünürəm, 135 illiyə həsr olunan bütün tədbirlərimizi yüksək səviyyədə keçirə biləcəyik".

Azərbaycanda ilk milli mətbuatın nəşrinə 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən başlanılıb. 1877-ci il sentyabrın 29-na qədər çapını davam etdirən "Əkinçi" qəzeti ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxıb.

İndi Azərbaycanda 4 100-dən çox kütləvi informasyia vasitəsi qeydiyyatdan keçib. Hazırda onlardan 600-ə yaxını fəaliyyət göstərir. Təxminən, 400-ə qədər qəzet və jurnal dərc olunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəaliyyət göstərir. Azərbaycanda 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi var. Qalanları isə internet resurslarıdır.

/Trend/