XXI əsrin "ən dəbdə olan" xəstəliyi

24 Oktyabr 2011 08:30
Təşkilatın tərtib etdiyi bu siyahıda birinci yeri əsəb xəstəliyi tutur. ÜST-ün məlumatına əsasən, hazırda dünyada əsəb xəstələrinin sayı 7 milyonu keçib.

Bir sıra sosial problemlər, gərgin fiziki və zehni iş rejimi nevroz xəstəliyinin yaranmasına rəvac verir

Həkim-nevropatoloq Maya Nəbiyevanın dediyinə görə, son illər insanlar arasında çox geniş yayılan nevroz sinir sisteminin funksional xəstəliyidir. Bu xəstəlik sinir sistemində yaranan həddən artıq gərginlik və onu zədələyən psixi təsirlər nəticəsində əmələ gəlir: "Problemlər, gərgin fiziki və zehni iş rejimi sinir sisteminə psixotravmatik təsir göstərir ki, bu da nevroz xəstəliyinin yaranmasına səbəb olur. Nevroz kişilərə nisbətən, qadınlar arasında daha çox yayılıb".

Nevrozun dörd əsas forması mövcuddur

Həkim praktik cəhətdən nevrozun dörd əsas formasının olduğunu deyir: "Nevrasteniya, isteriya, psixosteriya və sayrışan hallar nevrozu var. Nevrasteniya yüksək oyanıqlıq, həssaslıq halları ilə yanaşı, astenik, depressiv sindrom və zəifliklə xarakterizə olunur. Nevrasteniyaya düçar olmuş insanlar ümumi yorğunluqdan, iş qabiliyyətinin azalmasından, güclü baş ağrılarından, zəiflikdən və yuxu pozğunluğundan əziyyət çəkirlər. Bəzən xəstənin yaddaşı zəifləyir, tez-tez başı gicəllənir, əzələləri keyləşir, fikrini cəmləyə bilmir. Hətta xəstəyə elə gəlir ki, gözləri qarşısında xırda, qara böcəklər uçur".

Simptomlar: ürək ağrısı, ürəkdöyünmə, iştahsızlıq...

M.Nəbiyeva deyir ki, nevrasteniyalı xəstə həyəcanlandıqda ağzı quruyur, üzünün dərisi ağarır və göz qapaqları titrəməyə başlayır. Nevroloji müayinə zamanı xəstədə heç bir üzvi pozğunluq aşkarlanmadığı halda, reflekslərin yüksəlməsi, əl barmaqlarının titrəməsi kimi bir sıra funksional pozulma əlamətləri ayırd edilir. Nevrasteniyanı yaradan səbəbdən asılı olaraq bu hal bəzən tez keçib gedir, az hallarda isə illərlə davam edir.

M.Nəbiyevanın sözlərinə görə, nevrozun ikinci növü olan isteriya ruhi xəstəlik formasıdır. İsteriyaya düçar olmuş insan həmişə başqalarının diqqətini özünə cəlb etməyə çalışır. Vəziyyətinin daim pis olmasından şikayətlənir və ağır xəstə olduğunu düşünüb həkimə müraciət edir. Belə adamlar tez mütəəssir olur, əhvalları dəyişir, bəzən bir hadisəni nəql edərkən onu həddindən artıq şişirdir, daim yalan danışırlar.

İsterik tutmalara da təsadüf edilir

Xəstənin emosional vəziyyəti sabit qalmır, tez-tez küsür, özünə qapılır. Xəstəliyin klinikasında bəzən isterik tutmalara da təsadüf edilir. İsterik tutmalar zamanı xəstənin əl və ayaqlarında əsmələr olur. Belə əsmələr, adətən, kəskin psixotravmatik hadisələr zamanı meydana çıxır.

Nevropatoloq bildirir ki, üçüncü forma olan psixosteniya isə ruh düşkünlüyüdür. Bu formaya xasiyyətlərində nevropatik və psixopatik meyllər olan insanlarda daha çox təsadüf edilir: "Psixosteniyalı insanlarda zehni və təfəkkür prosesləri ifrat dərəcədə olur, xəstə özündə narahatlıq hiss edir, cürət və qətiyyətini itirir. Xəstəliyin cərəyan müddəti müxtəlif olur, əlamətləri bəzi hallarda uzun müddət davam edir, digər hallarda isə xəstənin həyat tərzindən və ümumi somatik vəziyyətindən asılı olaraq, gah yaxşılaşır, gah da ağırlaşır".

Xəstəni tez-tez ölüm qorxusu bürüyür

Həkim-nevropatoloq bildirib ki, sonuncu forma olan sayrışan hallar nevrozunun əsas əlaməti beyindən çıxmayan yorucu fikirlərdir. Sayrışan hallar nevrozunun 3 forması mövcuddur: sayrışan fikirlər, sayrışan qorxu və sayrışan hərəkətlər. Sayrışan fikrə qapıldıqda xəstə hər hansı bir mənasız fikir, yaxud sözü yadından çıxara bilmir, onu dəfələrlə təkrar edir:

"Sayrışan qorxu halında xəstənin başına cürbəcür fikirlər gəlir. İlk növbədə, o, ağır xəstəliyə tutulmasından qorxur. Xəstəni tez-tez ölüm qorxusu bürüyür. Bütün bunların əsassız olduğunu dərk etməsinə baxmayaraq, vəziyyətdən çıxa bilmir. Sayrışan hərəkətlər formasında xəstə yersiz bir hərəkəti dəfələrlə təkrar edir".

Nevrozun bütün formalarının müalicəsi mümkündür

Həkim qeyd edib ki, nevrozun bütün formaları müalicəyə tabe olur. Ancaq müalicəyə başlamazdan öncə pasiyentin xəstəliyin hansı formasına tutulduğu dəqiq öyrənilməlidir. Bununla yanaşı, xəstənin ümumi halı da nəzərə alınmalıdır. Nevrozun bütün formalarında ilk əvvəl xəstəyə sinir sistemindəki pozğunluğu aradan qaldırmaq üçün venadaxili preparatlar vurulur, tərkibində sakitləşdirici olan içmə dərmanlardan istifadə edilir.

Xəstə əsəbi və həyəcanlıdırsa, yuxu pozğunluğundan əziyyət çəkirsə, ona skitləşdirici preparatlar verilir. Daha sonra xəstənin immunitetinin bərpası üçün A, B, V və C vitamin qruplarını istifadə etməklə 3 kurs müalicə aparılır: "Sadalanan müalicə kursundan sonra fizio- və balneoloji metodlarla müalicə aparılır. Masaj, gimnastika, ilıq su vannası və iynə terapiyası xəstənin sinir sisteminin sakitləşməsinə müsbət təsir göstərir. Xəstənin vəziyyəti ağır olduqda isə brom-novokain məhlulu ilə boyun nahiyəsindən ionofarez və bir çox digər fizioterapevtik müalicələr aparılır".

Nevroloji müalicə ilə yanaşı, psixoterapiyadan da istifadə olunmalıdır

Psixoloq Svetlana Məcidovanın sözlərinə görə, nevrozun məlum formaları psixogen amillərlə əlaqədar olub, beyin qabığı və qabığaltı düyünlərin qarşılıqlı fəaliyyətinin pozulması nəticəsində baş verir. Buna görə də nevroloji müalicə ilə yanaşı, psixoterapiyadan da istifadə olunmalıdır.

Psixoloqların xəstələrlə apardıqları 5-7 günlük söhbətlər onlara müsbət təsir göstərir. Ancaq nevrozun bəzi növlərində aparılan söhbətlər effekt vermir, bu zaman 8-10 seanslıq psixoterapiya təyin edilir. Seanslarda öncə xəstədə olan özünəqapanma, yaddaş pozğunluğu, depressiya kimi hallar aradan qaldırılır.

Xəstələrdə müşahidə edilən gərginliyi aradan götürmək üçün onlara səhər və axşam təmiz havada gəzmək, yalnız xoş ovqat yaradan və sevdikləri işlə məşğul olmaq məsləhət görülür. Əksər hallarda xəstə 4-5 seansdan sonra özünü yaxşı hiss etməyə başlayır və sinir sistemindəki pozğunluqlar yavaş-yavaş aradan qalxır. Ümumi rəyə görə, digər xəstəliklər kimi, nevrozun da effektli müalicəsində xəstələrin həkimə vaxtında müraciət etmələri mühüm rol oynayır.

Zəhra
Milli.Az