Bu gün AMEA prezidenti Akif Əlizadənin 85 yaşı olur

25 Fevral 2019 14:03

Bu gün Azərbaycanda geologiya elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim və ictimai xadim, Əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin 85 yaşı tamam olur.

Milli.Az Trend-ə istinadən bildirir ki, Akif Ağamehdi oğlu Əlizadə 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) fərqlənmə diplomu ilə bitirərək bir müddət neft mədənlərində çalışıb. 1957-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda baş laborant vəzifəsinə işə qəbul olunan alim 1961-ci ildə geologiya-mineralogiya elmlər namizədi, 1969-cu ildə geologiya-mineralogiya elmlər doktoru elmi dərəcəsi adını almaqla bu sahə üzrə keçmiş SSRİ-də ən gənc yüksəkixtisaslı mütəxəssislər sırasına daxil olub.

1970-1976-cı illərdə Geologiya İnstitutunun direktor müavini olmuş alim 1976-cı ildən bu günə kimi həmin institutun direktoru vəzifəsində çalışır.

Geologiya elmi sahəsində geniş tədqiqatlar aparan, onu yeni elmi və nəzəri biliklərlə zənginləşdirən Akif Əlizadə 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib.

Akademik Akif Əlizadə 1990-cı ildə AMEA Rəyasət Heyətinin üzvü və Yer Elmləri Bölməsinin akademik katibi seçilib. Yüksək elmi potensiala və böyük təşkilatçılıq bacarığına malik olan alim 2007-ci ildən 2013-cü ilədək AMEA-nın vitse-prezidenti vəzifəsində çalışıb.

AMEA-nın vitse-prezidenti olduğu müddətdə Azərbaycanda elmin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və respublikanın elmi-texniki inkişaf strategiyasının hazırlanmasında yaxından iştirak edən və yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində böyük təcrübəsi olan Akif Əlizadə 2013-cü ildə AMEA-nın prezidenti vəzifəsinə seçilib.

Milli.Az