Azərbaycanın Əmək Nazirliyi elektron sənəd dövriyyəsi sistemini tətbiq edib
10 Oktyabr 2011 12:05
Rusiyanın "KORUS Konsaltinq" sistem inteqratoru Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi aparatında "EMC Documentum" elektron sənəd dövriyyəsi sisteminin tətbiqini başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə şirkətin yaydığı məlumatda deyilir. Məlumata görə, elektron sənəd dövriyyəsi sistemi nazirliyin funksioanl xidmətlərində - Dövlət Əmək Müfəttişliyi, Dövlət Məşğulluq və Dövlət Sosial Təminat xidmətlərində də tətbiq edilib.
İşlər Azərbaycan hökuməti və Dünya Bankının birgə həyata keçirdiyi "Pensiya və sosial yardım" layihəsi çərçivəsində aparılıb.
Sənəd dövriyyəsinin təşkilati-paylayıcı sistemi artıq işə salınıb və istifadə olunur.
Sistemin işə salınması ilə əlaqədar administratorlar üçün təlim keçirilib. Layihənin növbəti mərhələsi, nazirliyin bütün regional bölmələrini əhatə etməsi məqsədilə, sistemin genişləndirilməsi olacaq.
"EMC Documentum"un tətbiqinin nəticəsində daxil olan və göndərilən sənədlər, daxili yazışmalar, əmrlərlə işlər avtomatlaşdırılıb. Əmrlərin verilməsi avtomatlaşdırılıb, bölmələr arasında elektron sənəd dövriyyəsi qaydaya salınıb.
Layihənin reallaşdırılması zamanı "EMC Documentum"un interfeysinin Azərbaycan dilinə lokallaşdırılması həyata keçirilib.
Milli.Az