Milli.Az Modern.az-a istinadən Kinoloji Mərkəzdən reportajı təqdim edir:
Yolumuz Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzinədir. Oxucularımızı DGK-nin təşkilatçılığı ilə baş tutan mediatur çərçivəsində qonaq olduğumuz və KİV nümayəndələrinin də böyük marağına səbəb olan Kinoloji Mərkəzə virtual səyahətə dəvət edirik. Bəzən insanlar əsəb və hirslərini göstərmək üçün bu heyvanları misal çəkir, "it kimi tuturdu", "qanı it qanına dönmüşdü" və s. deyirlər. Amma buradakı sevimli küçüklər, vahiməli görünən çoban itləri misallardakı itlərə bənzəmir. Kinoloji Mərkəzə xüsusi təlim görmüş itlərin hürüşməsi sədaları altında daxil oluruq. Hamı özünü nə qədər möhkəm, ürəkli göstərməyə çalışsa da, qorxudan itlərin dəmir barmaqlıqlarla əhatə olunmuş yuvalarına belə, tam yaxınlaşa bilmir...
2003-cü ildə istifadəyə verilən Mərkəzin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanovdan ətraflı məlumat alırıq. O qeyd edir ki, dörd hektar ərazini əhatə edən mərkəzin bazasında eyni vaxtda 100 baş xidməti it saxlamaq, onlara tibbi qulluq göstərmək və təlim vermək mümkündür. Mərkəzdə, həmçinin cins küçüklərin çoxaldılması, böyüdülməsi və saxlanılması da həyata keçirilir:
Əsas məqsəd narkotik vasitələrin, partlayıcı maddələrin, odlu silahların və döyüş sursatının axtarışı, iz, iy, eləcə də bütün növ obyektlərin mühafizəsi üzrə itlərin hazılanmasıdır.
Azərbaycan 12 dövlətə xidməti itlər ianə edib
Onun sözlərinə görə, hazırda Mərkəzdə 60 baş xidməti it saxlanılır:
"Bunlar alman çoban iti, malinua, holland çoban iti, "Golden Retriever", "Labrador retriver", "Cocker" və s. it cinsləridir. Onu da qeyd edim ki, Əqanıstan, Makedoniya, Gürcüstan, Toqo, Seneqal, Monqolustan, Rumınya, Türkiyə, Bolqarıstan, Qırğızıstan və digər ölkələrin kinoloji xidmətlərinin əməkdaşları bizim Mərkəzdə kurs keçiblər. Əməkdaşları bizdə kurs keçən 12 dövlətə xidməti axtarış itlərini ianə etmişik. Kinoloji Mərkəzdə təlim olunan itlər dəfələrlə müxtəlif yarışların qalibləri olub. Hətta "Layma" ləqəbli it 2003-cü ildə Bratislavada keçirilən 2-ci Avropa çempionatında baş mükafatı qazanıb".
15 min avroluq itlər...
İ.Osmanov qeyd edir ki, xidmət üçün küçüklər Mərkəzin damazlıq və dölçülük bölməsində yetişdirilir:
"Cinsindən və çəkisindən asılı olaraq bir xidməti itin Avropada satış qiyməti 10-15 min avro arasındadır. Mərkəzdə bir itin saxlanma xərclərinə gəldikdə, bu da onun cinsindən və çəkisindən asılı olaraq, ildə 1000-2000 min manat arasında dəyişir. Kinoloji Mərkəzdə olan itlərin hamısı şimal, cənub, qərb sərhəd-keçid məntəqələrində, hava nəqliyyatı, Bakı Baş Gömrük İdarəsi, enerji dəniz ticarəti və s. kimi yerlərdə xidmət göstərir. Əgər təhlükəsizlik baxımından hər hansı problem yaranıbsa, it dərhal Mərkəzə gətirilərək müayinə olunur və lazımi müdaxilələr edilir".
"Ağıllı itlər" hansı səbəblərdən ölür?
Sən demə itlər də bu günün insanları kimi şəkər, təzyiq xəstəliklərdən əziyyət çəkirmiş. Polkovnik bildirir ki, il ərzində Məkəzdə maksimum 2 it müxtəlif səbəblərdən tələf olur:
"Buna itdə olan təzyiq, şəkər, ürək və böyrək çatışmazlığı kimi xəstəliklər, həmçinin xidmət zamanı aldığı xəsarətlər səbəb ola bilir. Ölən itlər əsasən 8-9 yaşlarında olur. Bir itin baxımından və saxlanma şəraitindən asılı olaraq orta yaşama dövrü 15-20 il, xidmət müddəti isə 8 ildir. Ümumiyyətlə, axtarış itləri normal olaraq ildə 2 dəfə attestasiyadan keçirilir. 8 yaşında komissiya daxilində attestasiya keçirilir, əgər xidməti it axtarışa yararlıdırsa, o balansda qalır. Yararlı deyilsə, xidmətdən uzaqlaşdırılır. Bir çox hallarda xidmətdən uzaqlaşdırılan itlər, onlarla 6-8 il çalışmış təlimçilərə müraciət edilən ərizə əsasında ianə olaraq verilir".
"Quyruğu qapı arasında qalan it kimi..."
Müsahibimizlə söhbət zamanı o da məlum olur ki, el arasında "quyruğu qapı arasında qalan it kimi nə yaltaqlanır" ifadəsindən fərqli olaraq, Mərkəzdəki itlər məhz quyruqları qapı arasında qalanda təlimçilərə hücum edə bilər. Amma İ.Osmanovun sözlərinə görə, bu çox nadir baş verən haldır:
"Olubsa da buna hücum demək olmaz. Belə hal təlimçiylə it arasında olan anlaşılmazlıqdan baş verib. İt yuvasından çıxanda quyruğu, yaxud qulağı qapıda qala bilər, özünü qorumaq üçün diş ata bilər. Amma bu, normal haldır, ciddi hücum demək olmaz. Həm də təlimçilər təhlükəsizlik qaydalarını, bu kimi hallarda necə hərəkət edəcəklərini yaxşı bilirlər.
Ümumilikdə təlimçi ixtisası iki qrupa bölünür: ixtisasvermə və ixtisasartırma. İxtisasvermə ilkin mərhələdir. İxtisasartırmada təlimçilər tam olaraq püxtələşir və formalaşmış şəkildə fəaliyyətə başlayırlar. Əvvəllər onların hazırlanmasında xarici mütəxəssislərdən istifadə edilib, amma hazırda təlimçilərimizin hamısı yerli mütəxəssislərdir. Ümulikdə təlim prosesinin uğurlu alınmasındakı əsas amil sevgidir. İt ona sevgilə yanaşıldığını hiss etməlidir".
Bu itlər ingilis, fransız, rus dillərini anlayır...
"Ançar" ləqəbli malinua çoban iti media nümayəndələrinə Mərkəzin təlim meydançasında narkotik vasitələri və digər qadağan edilən maddələri aşkarlamaq bacarığını nümayiş etdirir. İlkin Osmanov deyir ki, hər axtarış itinə gündə 2 saatdan bir 15-20 dəqiqədən bir fasilə verilir, gəzdirilir və yaxud su verilir, yem verilir: "Hər 4 saatdan bir isə yarım saat fasilə verilir. İki gün əvvəl cənub bölgəsində Astara sərhəd-keçid məntəqəsində xidməti axtarış itinin tətbiqi sayəsində 28 kq-dan artıq çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb".
Ümumiyyətlə, bir itə 7-8 narkotik vasitənin iyini öyrətmək mümkündür. Təlimçilər 5 dildə- fransız, ingilis, alman, rus və azərbaycan dilində əsas sözlərdən istifadə edərək itlərə təlim keçirlər. İtlərə axtar, uzan, olmaz, iylə, yanımda və s.bu kimi sözləri öyrədirlər. Bir itə istəkdən asılı olaraq 1 dil öyrədilə bilər.
İtlərin təlim müddəti onların axtardıqları subyektlərdən asılı olaraq dəyişir. Narkotik maddələrin və psixotrop maddələrin tapılması üzrə axtarış itinə minimum 3 ay təlim keçirilməlidir. Əgər it silah-sursat, partlayıcı maddələr üzrə axtarışa cəlb olunacaqsa, təlim müddəti minimum 5 ay olmalıdır. Pul əskinaslarının axtarışı üçün təlimə təxminən 2,5 ay vaxt lazımdır. İtlər oyun sistemi ilə hazırlanırlar. Axtarış zamanı itlər aktiv və ya passiv reaksiya verə bilir. Aktiv reaksiya zamanı səs çıxarıb, cırmaq atıb, yeri qazdığı halda, passiv reaksiya zamanı narkotik vasitəni tapdığı yerə uzanır və yaxud oturur.
Əməliyyatdan son anda qurtulan it
Mərkəzdə müasir avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası fəaliyyət göstərir ki, burada itlərin müayinə və müalicəsi üçün bütün imkanlar mövcuddur. Təxminən 3 ildir xidmət göstərən labrador cinsindən olan xidməti axtarış itlərindən birinin diş ərpinin təmizlənməsi əməliyyatını video-müşahidə vasitəsilə izləyirik. Söhbət əsnasında məlum olur ki, bu yaxınlarda itlərdən biri oynayarkən öz oyuncağını udub. İti əməliyyat etmək üçün müayinə etdikləri zaman oyuncağın itin mədəsində əridiyi müəyyənləşib.
Milli.Az