Azərbaycan taekvondoçusu Avropa çempionatının gümüş medalını qazandı

9 Oktyabr 2011 16:53

AzərTAc xəbər verir ki, Kiprin Pafos şəhərində keçirilən taekvondo üzrə gənclərin 18-ci Avropa çempionatının üçüncü günü Azərbaycan milli komandası üçün uğurla başa çatıb.

AzərTAc xəbər verir ki, Azərbaycan milli komandasının kapitanı Hüseyn Mehrəliyev (59 kq) gümüş medala sahib olub. Əvvəlcə Viktor Varqaya (Macarıstan), Əli Nəgizə (Türkiyə), Robin Qranstroma (İsveç) qalib gələn H.Mehrəliyev yalnız Adam Xasarov (Rusiya) ilə final döyüşündə qələbəni əldən verib. 

Xatırladaq ki, perspektivli taekvondoçumuz əvvəlki görüşlərdə dizindən zədə alıb. 

Yarışın üçüncü günü mübarizə aparan digər iki taekvondoçumuza gəlincə, Təranə Məmmədova (44 kq) serbiyalı Mariya Vusetiçə, Elvin Əliyev (78 kq-dan yuxarı) türk idmançısı Uğur Ənsara məğlub olaraq turnirlə vidalaşıblar. 

Oktryabrın 9-da, yarışın son günü qalan üç idmançımız yarışa qatılacaq. Milli komandamızın favoritlərindən, London Olimpiadasına vəsiqə qazanmış Fəridə Əzizova (68 kq) Anna Kersten ilə (Almaniya), Vladislav Subbotin (73 kq) Filip Majsen ilə (Xorvatiya), Seyidəzim Bədirxanlı (78 kq) isə İvan Plotnikov ilə (Rusiya) ilk döyüşə çıxacaqlar. 

Qeyd edək ki, idmançılarımızın bütün döyüşləri Azərbaycan Taekvondo Federasiyasının media tərəfdaşı olan sporttv.az idman videoportalı ilə canlı yayımlanır.

Milli.Az