Azərbaycan Avropanın enerji təhlükəsizliyinə zəmanət verir

21 Fevral 2019 17:11

Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqının eneryi təhlükəsizliyinin, iqtisadi stabilliyinin, eləcə də milli təhlükəsizliyinin qorunub saxlanılmasını təmin edən amillərdən birinə çevrilib. Bu, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli münasibətlərinin strateji xarakter daşıdığının və onun dünyada durmadan artan nüfuzunun göstəricisidir.

Bu barədə Milli.Az-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev bildirib.

Millət vəkili qeyd edib ki, getdikcə Avropada Azərbaycan qazına maraq daha da artır: "Azərbaycan Prezidenti cənab İlham Əliyev fevralın 20-də Avropa Komissiyasının Büdcə və insan resursları üzrə komisarı Günter Ottinger ilə görüşüb. Görüşdə Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrasından məmnunluq ifadə olunub. Bu baxımdan layihə üzrə Məşvərət Şurasının toplantılarının əhəmiyyəti vurğulanıb. Cənab Prezident bu layihənin icrasında Avropa ittifaqının fəal iştirakını və rolunu qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini bildirib.

Qeyd edim ki, "Cənub Qaz Dəhlizi"nin rəsmi açılış mərasimi 2018-ci ilin may ayında keçirilib. Bu layihə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşurutları sisteminin formalaşmasına şərait yaradır.
 Bu layihə üzrə Məşvərət Şurasının Bakıda keçirilən 5-ci toplantısında Avropa Komissiyasının Büdcə və insan resursları üzrə komisarı Günter Ottinger bildirib ki, layihənin başa çatdırılması 2020-ci ilin yayına nəzərdə tutulub. O qeyd edib ki, Avropada Azərbaycan qazına maraq daha da artır. Serbiya, Macarıstan və San-Marino Məşvərət Şurasına daxil olublar. Bunula Məşvərət Şurasına üzv ölkələrin sayı 17-ə çatıb. Azərbaycan dəfələrlə bəyan edib ki, Cənub Qaz Dəhlizi layihəsi marağı olan bütün ölkələr üçün açıqdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edən məkanın formalaşdırılmasıdır".

İlkin İzzət
Milli.Az