İslam və elm: kim elm axtararsa...
9 Oktyabr 2011 01:15
Məhz əql, elm və düşüncə üzərində qurulan dünyagörüşü və bu dünyagörüşü üzərində qurulan həyat tərzi insanı çaşqınlıqlardan qoruya və onun sağlam həyat tərzinə zamin ola bilər. Elmə yiyələnmək, biliklər əldə etmək, düşünüb-daşınmaq çağırışı həm Qurani-Kərimin bir çox ayələrində buyurulmuş, həm də sevimli peyğəmbərimiz hz. Məhəmmədin hədislərində nəql edilmişdir.
Milli.Az xəbər portalı "İmam Hüseyn" saytına istinadən bildirir ki, İslam elmi insan fəaliyyətinin aparıcı stimulu kimi təqdim etmişdir. Sevimli peyğəmbərimiz Hz. Məhəmməd (s) buyurmuşdur:
"Kim elm axtarmaq yolu ilə getsə, Allah onu cənnətə aparar. Həqiqətən mələklər qanadlarını elm əhlindən razılıq əlaməti olaraq yerə sərərlər. Doğrudan da, göy və yerdə olan hər bir şey elm axtarışında olan kəsin günahlarının bağışlanmasını istəyər, hətta dənizdə olan balıqlar belə. Alimin abiddən üstünlüyü on dördüncü gecədə ayın ulduzlardan üstünlüyü kimidir. Həqiqətən alimlər peyğəmbərlərin varisləridirlər. Çünki, peyğəmbərlər dinar, dirhəm irs qoymurlar, onların irsi elmdir. Kim ondan bəhrələnərsə çoxlu nəsib əldə etmiş olar." (Üsuli-Kafi, cild 1, səh.95-96)
Həzrət peyğəmbər başqa bir hədisdə buyurmuşdur:
"Elm axtarışında olmaq hər bir müsəlmana vacibdir. Həqiqətən, Allah elm axtaranları sevir." (Üsuli-Kafi, cild 1, səh.83)
İmam Baqir buyurmuşdur:
"Elmindən bəhrələnən alim yetmiş min abiddən daha üstündür." (Üsuli-Kafi, cild 1, səh.91)
İmam Sadiq (ə) buyurmuşdur:
"Səhəri üç nəfərdən biri olaraq aç: alim, elm öyrənən və elm əhlini sevən. Bunlardan başqa bir kəs olma ki, onları sevməmək nəticəsində həlak olarsan. Elm və etiqad vəhdətdə əvəzolunmaz işlər törədə bilər". (Üsuli-Kafi, cild 1, səh.95)
Tarixə nəzər saldıqda dinimizin elmə və maarifçiliyə nə qədər əhəmiyyət verdiyinin şahidi olarıq. Hələ İslam dininin yeni zühur etdiyi və təqib edildiyi vaxtlarda müsəlmanlar Mədinəyə hicrət etmiş və orada ilk gördükləri işlərdən biri təhsil ocağı açmaq olmuşdur. Avropada kitabxanaları barmaqla saymaq mümkün olan vaxtlarda Bağdadın xəlifə əl-Məmun tərəfindən yaradılmış "Müdriklər evi" kitabxanasında müxtəlif mövzulara dair 4 mln. kitab var idi. O dövrdə müsəlman alimləri ilahiyyat, fəlsəfə, ədəbiyyat, kəlam kimi elmlərlə yanaşı riyaziyyat, astronomiya, fizika, tibb və digər təbiət elmlərinə mükəmməl şəkildə yiyələnir, bu elmlərin inkişafına öz töhfələrini bəxş edirdilər. Lakin bununla belə, gözümüz önündə olan belə bir faktla üzləşməkdəyik ki, çağdaş zəmanəmizin bir çox elmi və texniki nailiyyətləri bilavasitə Qərb alimlərinin adıyla bağlıdır. Günümüzdə bu bir gerçəklik olaraq hamı tərəfindən qəbul edilir. Lakin, elmin inkişafı tarixindən bu da məlumdur ki, Qərbdə Renessans dövründən sonra inkişafa qədəm qoyan Avropa ölkələrinin elmi bazaları, mənbələri əsas etibarilə müsəlman Şərqinin orta əsrlərdə əldə etmiş nailiyyətləri olmuşdur. Tarixin şahid olduğu kimi, İslam mədəni bölgəsi həmin dövrlərdə elm və mədəniyyət sahəsində aparıcı rol oynayırdı. Müsəlman alimlərinin təbiətşünaslıq, xüsusən kimya sahəsində mühüm kəşfləri, ixtiraları olmuşdur. Onlar gümüş, nitrat, sulfat turşusu və s. birləşmələri hazırlamış, naşatır spirti, sülema, spirt (əl-kuhul), potaş (əl-qiyl), bura (əl-bura) və digər maddələri tapmış, bir sıra kimyəvi proseslərin ilk izahını vermişlər.
Kimya sahəsində müsəlman alimlərinin elmi əsərləri uzun zamanlar Avropa dillərinə tərcümə edilərək mənbə əsərlər kimi geniş istifadə edilmişdir. İmam Cəfər Sadiqin tələbələrindən olan Cabirin kitabları bu sahədə çox önəmli rol oynamışdır. Onun bir neçə elmi əsəri latıncaya tərcümə edilmişdir. Cabirin kitablarından ən məşhuru isə 1672-ci ildə fransız dilinə çevrilmişdir. Distillə, kristallaşma, ərimə, analiz və reaksiya kimi üsullardan ilk dəfə elmi şəkildə xəbər verən məhz Cabir olmuşdur. O, kimyəvi maddələri kəşf etmiş və onların üzərində elmi tədqiqatlar aparmışdır.
Müsəlman alimləri bir çox başqa elmi sahələrdə də aparıcı rola malik olmuşlar. Belə ki, Məhəmməd Xarəzm (IX əsr) cəbr (əl-cəbr) elminin əsasını qoymuş, Bəttani, Ömər Xəyyam, Nəsirəddin Tusi və bir sıra digər görkəmli alimlər riyaziyyat və təbiət elmlərini zənginləşdirmişlər.
Yerin Günəş ətrafında hərəkət etdiyini Əbu Reyhan Biruni (X-XI əsr) Kopernikdən 500 il əvvəl bildirmişdir. Əl-Uqlidisi adlı riyaziyyatçı alim 950-ci ildə yazdığı bir əsərində onluq kəşflər təlimlərinin əsaslarını verəndən 635 il sonra holland riyaziyyatçısı S.Stevin (1548-1620) onluq kəsri elmə gətirmişdir.
Avropada Alhazen kimi məşhur olan ibn əl-Heysəm (965-1037) dördüncü qüvvənin tənliklərinin həlli üsullarını göstərmişdi. Bu məsələ ilə 5 əsr yarım sonra italyan riyaziyyatçısı Kardano (1501-1576) maraqlanmışdır.
Marağa Rəsədxanasının mühəndisi Kəriməddin Səlmasi 1266-cı ildə alman alimi Martin Bahaymdan 226 il əvvəl ilk coğrafi qlobusu hazırlamışdır.
Tədqiqatlar göstərmişdir ki, Nyutonun korpuskulyar nəzəriyyəsi, həmçinin Harveyin qan dövranı nəzəriyyəsi, onların "kəşflərindən" 100-200 il öncə müsəlman alimləri tərəfindən işlənib hazırlanmışdı.
Bu nailiyyətlər əqli elmlərdə - məntiq və fəlsəfədə də özünü göstərmişdir.
Lakin təəssüflər olsun ki, son əsrlərdə həqiqi İslami dəyərlərin cəmiyyətdə zəifləməsilə müsəlman Şərqində elm də tənəzzülə uğramış, Avropasentrizm həyatın bütün sahələrində, xüsusilə elmdə özünə yer almışdır. Renessansla inkişafa qədəm qoymuş Avropa zaman-zaman İslam mədəni bölgəsini elm sahəsində qabaqlamış, öz yeni elmi və texniki nailiyyətlərilə ikinciləri geridə qoymuşlar. Bununla belə, qeyd etmək lazımdır ki, Qərbin elmi və texniki tərəqqiyə baxışları İslam dünyagörüşünün elmə baxışlarından əsaslı şəkildə fərqlənməkdədir.
Şübhəsiz ki, hər bir insan gələcəyi haqqında düşünərkən elmi-texniki tərəqqiyə böyük ümidlər bəsləyir. Lakin Qərb dünyagörüşündə elmin qarşısına qoyduğu məqsədlər mənəvi çalarlardan xalidir və yalnız maddi xarakter daşıyır. Burada mənəvi meyarlar ümumiyyətlə heç bir məna kəsb etmir. İslam nöqteyi-nəzərindən isə elm və texnikadan yalnız yüksək bəşəri ideallara çatmaq, insanların rifahını təmin etmək, çətinliklərini həll etmək, təbiət və cəmiyyətin xidmətində durmaq üçün istifadə edilməsi labüd sayılır ki, bunların da məğzini məhz mənəviyyat meyarı təşkil edir.
İslam görüşündə cəmiyyətin inkişafı təkcə elmlə yox, həm də mənəvi-əxlaqi dəyərlər, bəşəriyyətin min illər boyu formalaşmış olan mədəni idealları, humanist fəlsəfi fikirləri, nəhayət onun ən ali meyar və metodu olan mənəviyyat prinsipilə bağlıdır. İslam əslində bütün bunların vəhdəti, insanın intellektual, emosional və mənəvi-əxlaqi inkişaf istiqamətlərinin birləşdyi zirvədir. Bu zirvəyə doğru yüksələn insanın məqsədi onu fəth edərək kamilliyə yetişib səadət əldə etməsidir. Bu cəhətdən, kamilliyə yetişmək üçün mühüm şərtlərdən biri isə məhz elmin insanlığa xidmət etməsi, onun insanın mənəvi ideallarına tabe edilməsidir. Belə ki İslam insanlığın ülvi dəyərlərilə uzlaşmayan elmi qəbul etmir. İslamın qəbul edərək zəruri, vacib saydığı və insanları ona yiyələnməyə, ona sarılmağa, ondan bəhrələnməyə səslədiyi elm məhz bəşəriyyətin ülvi məqsədlərinə xidmət edən və onu kamilliyə doğru istiqamətləndirən elmdir.
Əsrimiz kosmos əsridir. Lakin kosmik raket bizi o vaxt işıqlı sabaha apara bilər ki, onun sükanında mənəviyyat və insanlığın keşiyində dayanan təfəkkür dayanmış olsun. Belə olduqda raket vasitəsilə süni peyklərin Yerin orbitinə çıxarılmasına, insanların neçə-neçə zəruri tələblərinin ödənməsinə xidmət edəcək. Belə olmadıqda isə, o, ulduz müharibələrinin açarı, bəşəriyyətin məhvinə yönələn niyyətlərin quluna çevriləcəkdir.
Əsrimiz atom əsridir. Hamı bilməlidir ki, bu əsrdə mənəviyyata söykənən elmin həyatverici tərəfi - atom elektrik stansiyaları, neçə-neçə evə işıq gətirdiyi kimi, onun mənəviyyatsız, qaranlıq tərəfi - atom bombası Hirosima və Naqasaki əhalisi kimi insanlığı əbədi zülmətə qərq edən tərəfləri də vardır.
Beləliklə, İslam dini elmi mənəviyyatsız, alimi mənəvi keyfiyyətsiz təsəvvür etmir. Bu, əslində hər bir qərəzsiz, vicdanlı insanın etiraf edəcəyi bir həqiqətdir. Mənəviyyatdan xali olan elmin bəşəriyyətə vurduğu ölçüyəgəlməz zərbələrin şahidi olan Rusiya məktəblərindən birinin müdirinin söylədikləri buna bariz misaldır. O, yeni işə qəbul edilən müəllimlərə müraciət edərək aşağıdakıları söyləyir:
"Hörmətli müəllim, mən alman konslagerini yaşamışam. Mənim gözlərim adi gözlərin görməli olmadığı şeyləri görmüşdür. Alim mühəndislər tərəfindən düzəldilən qaz kameraları, təcrübəli həkimlər tərəfindən zəhərləndirilən uşaqlar, klassifikasiyalı tibb bacıları tərəfindən öldürülən körpələr, ali təhsil ocaqlarının məzunları tərəfindən yandırılıb güllələnən qadın və uşaqlar.
Ona görə də mən təhsilə inanmıram. Xahiş edirəm, şagirdlərinizə insan olmağı öyrədin. Onları insani keyfiyyətləri olmayan məxluqatlara döndərməyin".
İslama görə, özü-özlüyündə elm və texnika mahiyyət etibarilə xidmət etdiyi məqsədlərə münasibətdə neytraldır və buna görə də həm yaradıcı və qurucu, həm də destruktiv və dağıdıcı məqsədlərə yönəldilə bilər. O həm insanın özünü tapmasına, həm də özündən uzaqlaşmasına xidmət etməyə qadirdir. Məhz bu səbəbdən də İslam bir tərəfdən mənəviyyatsızlıqla mübarizə apardığı kimi, elmsizliklə də amansız mübarizə aparır, digər tərəfdən də mənəvi ruha söykənən, yaradıcı və qurucu, insanlığa xidmət edən, insanlığın, bəşər mənafelərinin keşiyində dayanan və ülvi məqsədlərə yönələn elm və texnikanı dəstəkləyir, insanları ona yiyələnməyə təşviq edir və bu ruhda elmə yiyələnməyi hər bir müsəlman kişi və qadına vacib buyurur! Bu tələb, İslamın başlıca tələblərindən və ülvi prinsiplərindən biridir. Belə ki, İslama görə kamilliyin bir qanadı mənəviyyat, digər qanadı isə elmdir, bilikdir. Bunlar yalnız vəhdət halında kamil insan yetişdirə bilər, onu səadətini təmin edə bilər. Bu qanadlardan biri olmadan isə insan kamillik ülviliyinə pərvaz edə bilməz. Allah-Təalanın buyurduğu ayə məhz bu həqiqəti tərənnüm etməkdədir: "Heç bilənlə bilməyən (elm əhli ilə elmsiz, biliksiz) bir ola bilərmi?" (əz-Zumər surəsi, ayə 9) Əlbəttə ola bilməz! Allah bizləri bilənlərdən, elm əhlindən qərar versin və elmimizi saf mənəviyyatımızla vəhdətdə ülviliyə, kamilliyə, səadətə xidmət edən bir vasitə eləsin. AMİN!
Milli.Az