Vergilər Nazirliyi bu il məhkəmələrə 10 cinayət işi göndərib
8 Aprel 2010 13:03
Vergilər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, ilin ilk üç ayı ərzində 18 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. İbtidai istintaqı tamamlanmış cinayət işlərindən vergiləri ödəməkdən yayınmaya görə 9 iş və qanunsuz sahibkarlığa görə 1 iş olmaqla, cəmi 10 nəfər barəsində 10 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 5 cinayət işinə xitam verilib. Cinayət işləri və araşdırılan materiallar üzrə vurulmuş ziyandan 0,6 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 3 şəxs tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai araşdırılması Departamentin İstintaq şöbəsinə təhvil verilib və ibtidai istintaqdan yayınan 21 şəxsin məcburi qaydada gətirilməsi təmin edilib.
Daxil olmuş əməliyyat məlumatlarının və müraciətlərin araşdırılması nəticəsində 2 şəxs haqqında toplanmış materiallar vergi qanunvericiliyinə müvafiq olaraq tədbirlər görülməsi üçün aidiyyəti vergi orqanlarına göndərilib. Bununla yanaşı, vergi yoxlamalarından yayınan 94 nəfər vergi ödəyicisi tapılıb yoxlamalara cəlb edilib.
Milli.Az