"Dünyası çatlayanlar"ın Bakıda diskoteka mitinqi

19 Fevral 2019 11:56

Rüstəm İbrahimbəyov, bu xalqın ümidlərini 2013-də qırdığı kimi, qırmağa gəlibsə, onun gəldiyi yol çatlayaydı, heç o gəlib çıxmayaydı bizim vətənimizə. Bunlar istədikləri vaxt gəlib-gedib keflərini çəkirlər, bizi də "İnterpol"a verirlər. Çatlayasan, a dünya.

Bunu Hollandiyanın paytaxtı Amsterdamda yaşayan, fitnes mərkəzində təlimatçı olduğu vurğulanan, əslindəsə "Azərbaycanın gələcəyi uğrunda mübarizə" apardığını deyən "müstəqil bloqer" Orduxan Bəbirov Facebook səhifəsində yazıb.

Onun ümidlərinin çat verməsinin səbəbi kinodramaturq Rüstəm İbrahimbəyovun fevralın 15-də Bakıya qayıtması, iki gün Azərbaycanda qalmasıdır. "Milli Şura"nın fəxri sədri olan R.İbrahimbəyov bu marionet qurumun "sədri" Cəmil Həsənli və AXCP-nin de-yure rəhbəri Əli Kərimli ilə görüşmək istəmədi, görüşmədi də.

Kinodramaturqun belə davranışı "Milli Şura" və bu strukturun funksionerləri ilə yanaşı, həddən artıq radikallaşaraq "Azərbaycanda inqilabi situasiya var" kimi həpənd açıqlamalarla çıxış edənlərə böyük zərbə oldu.

Pərişanlıq o həddə çatıb ki, "mitinq xiridar"larından biri, "Əli Kərimli fanatı" bu statusu şərh edərək yazıb: "O, hələ də Milli Şuranın fəxri sədridir. Sizi əmin edirəm, o məclisdə oturan İbrahimbəyov yox, başqa bir cəbhəçi və ya siyasi fəal olmuş olsaydı indi Milli Şura və Cəbhə onu xain çıxarmışdı. Nəysə..."

Və ilaxırın "və sair demokratik çağırışlar"ı

AXCP, Müsavat və "Milli Şura" isə fevralın 23-də Bakının Yasamal rayonundakı "Məhsul" stadionunda mitinq keçirməyə hazırlaşır. Budəfəki mitinqin şüarı "Problemli kreditlər həll olunsun!" təki bəlağətli psevdososialist çağırışdır.

"Milli Şura"nın sədri, Azərbaycan müxalifətinin hiyləgər subyektlərindən biri Cəmil Həsənli isə Facebook səhifəsində adətinə xilaf çıxmayaraq, ifrat emosionallığa qapılıb və yazıb: "Mitinqin əsəas tələbləri siyasi məhbusların azad edilməsi, xalqdan oğurlanmış pulların xalqa qaytarılması, milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlərin dövlət tərəfindən ödənilməsi, yəni soyğunçu bank borclarının ləğv edilməsi, uşaq pullarının verilməsi və sair demokratik çağırışlardan ibarətdir. Sevgili Millət! Siz bizdən mitinq tələb edirdiniz, Milli Şura da bu mitinqə qərar verdi. Buyurun, indi söz Sizindir!"

Cəmil Həsənlinin siyasət dəllalı, onun ideoloqu Əli Kərimlinin isə çox pis siyasi menecer olduğu elə bu çağırışdan bəllidir.

Əvvəla, efemer "siyasi məhbuslar"ın azadlığını tələb etməzdən əvvəl onların sayını bəlirləmək gərəkdir. Ki, tələb mənasız qışqırtı təsiri bağışlamasın.

Müxalifətdə hazırda 7 təşkilat və 19 nəfər "siyasi məhbus"ları sayıb onların siyahısını hazırlamaqla məşğuldur. Siyahılardakı adlar, say və həbsolunma səbəbləri çox fərqlidir. Hər ağızdan bir avaz gəldiyi, "siyasi məhbus" kateqoriyasına şamil edilmənin sırf şəxsi rəğbət və təşkilat maraqları prinsiplərinə əsaslandığı bu bazarda iş o yerə çatıb ki, bir nəfərin adı 3 (!) siyahıda tam fərqli şəkildədir: belə ki, həmin adam iki dəfə "vicdan məhbusu" sayılıbsa, bir dəfə "siyasi məhbus" olub.

Bu "ekspert"lər vicdan məhbusu ilə siyasi məhbus arasındakı fərqləri hələ də qavraya bilməyiblər.

Sırf pul üstündə ciddi çəkişmələr və biabırçı davalar da ortadadır.

Üstəlik, "siyasi məhbus" siyahısında radikal dini şüarlarla çıxış edən, dinlə pərdələnərək ekstremist fəaliyyətlə məşğul olduqlarına görə həbs olunanlar da çox müəmmalı şəkildə "Qarabağın azadlığı uğrunda mübariz"lərə çevriliblər.

Necə ki, Qərbdəki təşkilatlardan alınan maliyyənin məbləğini artırmağa çalışan "Milli Şura" ilə AXCP  əvvəllər Azərbaycan İslam Partiyası olan, indisə "Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı"na transformasiya etmiş strukturdan və hacı Rövşən Əhmədovdan faydalanaraq dindar kəsimi öz sıralarına çəkmək üçün az qala dəridən-qabıqdan çıxırlar.

Cəmil Həsənlinin çağırışındakı "və sair demokratik çağırışlar" məcmusu da "Məhsul"un daimi kontingenti olan adamlardan savayı şəxslərin mitinqə cəlb edilməsinə hesablanmış gedişidir.

Bu, belə sayılmamalıdır - çünki belədir.

"1+3" diskotekası və ya "Nə qədər yesin xalq turşumuş qatıq?"

Sovetlər dönəmlərində kənd diskotekalarında belə qayda vardı: "Bir gələn özü ilə üç nəfər gətirməlidir". Əyalətlərdə, xüsusilə də ucqarlarda xarici ölkələrin kinematoqrafiya məhsullarının "davalı", "indeyski" və "ağlamalı" filmlərə bölündüyü vaxtlarda kiçik kənd klublarındakı filmlər ən böyük əyləncələrdən biri  idi.

"Milli Şura" da "mitinq naminə mitinq" virusunun daşıyıcısı olduğundan belə "influensiya"nı mümkün qədər çox vətəndaşımıza yoluxdurmağa çalışır.

Mitinqə toplaşmağın səbəbi və ya çağırışların məzmunu bu insanlar üçün əsla önəmli deyil.

Əsas statistikadır, saydır. Kəmiyyəti heç zaman keyfiyyətə çevirə bilməmiş Əli Kərimli-Cəmil Həsənli-Arif Hacılı triosuna Avropa ölkələrində səs-səsə verib kakafoniya yaratmış yarıtmazlar da qatılıb.

Bu biveclərin yaradıcılığı, gerçəkdən də, primitivdir.

Məsələn, sabiq diplomat, indisə öz kiçik və rəngli dünyasında "Azərbaycan Naminə Demokratiya" (!) təki absurd adlı hərəkatın "həmtəsisçisi" olan Arif Məmmədov sosial şəbəkələrdə şüur yayğınlığına uğramış insan təsiri bağışlayır.

Onun 23 fevral üçün nəzərdə tutulmuş son paylaşmalarına nəzər salmaq yetər ki, diaqnoz müəyyənləşsin.

Məsələn, Arif Məmmədov yazır: "SSRİ vaxtları kişilər bayramı kimi tanınan 23 Fevralı Kişilik, Mərdlik, Qələbə bayramına çevirək. 1+3ü=1+5=1+10a yüksəldək".

Necə deyərlər, şərhə ehtiyac yoxdur.

Arif Məmmədov hətta "dəyərli və çox istedadlı şair" Atəş İbrahimovun "Nə qədər yesin xalq turşumuş qatıq?!" şeiri də paylaşaraq bunu "hakimiyyətlə poeziya vasitəsilə mübarizə nümunəsi" kimi qələmə verir.

Və ən nəhayət, o, özünü hərdənbir strateq kimi də qələmə verərək "İdmanda olduğu kimi, siyasətdə də geriyə addım sürət yığıb daha yüksək hədəfə çatmaq üçündür" də yazır.

Çiy, məntiqsiz və əsassız gözləntilərlə yaşayan insanlarla "bəlkə də qaytardılar" arzusunun ağırlığı altında çiyinləri əyilmişlərin ittifaqı bu dəfə də vədlər yığını ilə kimlərisə əsirinə çevirməyə çalışır.

Bu fiqurların bəziləri vəzifə imtiyazlarını ehtiva edən hakimiyyətə can atır, bəziləri itirdikləri nemətlərin dadını yenidən qocalmış damaqlarında hiss etməyi xülya edir, yerdə qalanları da sadaladığımız kəslərə baxaraq "Niyə də mən olmamalıyam ki?!" ritorikasını şüuruna kəmənd kimi salır.

Mitinqlə bağlı "1+3" əməliyyatını siyasi mübarizənin yeni strategiyası sayanlar ölkə müxalifətini daha da marginallaşdırır və ümumiyyətlə, müxalifətçilik ideyasını lümpenləşdirirlər.

Beləcə, ideya idefiksə çevrilir və sosial şəbəkələrin sakinlərinə dönənlər "hakimiyyətə qarşı mübarizə"ni özlərinə qarşı müqavimətə çevirirlər. Nə də olsa, onların şüurlarında reallıq hissi tam ölmədiyindən xülyalara və ilğımlara artıq çox zəif olsa da, öləngi müqavimət göstərir.

Axı siyasət, gerçəkdən də, kənd diskotekası deyil.

Ümidlər çatlasa da...

Elçin Alıoğlu
Milli.Az