Fazil Mustafanın istəyi cavabsız qalıb

8 Aprel 2010 12:54
"ATƏT-in Bakı ofisinin rəhbərinin seçki komissiyalarının partitet əsaslarda formalaşması barədə təklifini müsbət qiymətləndiririk".

Bu sözləri Milli.Az xəbər portalına açıqlamasında müxalifətyönlü Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib.

Qeyd edək ki, aprelin 7-də Avropa Şurası, Avropa İttifaqı və ATƏT 2010-cu ilin noyabrında keçiriləcək parlament seçkilərinin təşkilində Azərbaycana yardım planını açıqlayılar. Bununla bağlı keçirilən mətbuat konfransında ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgeh Cankorel bildirib ki, Mərkəzi Seçki Komissiyasının (MSK) paritet əsasda formalaşdırılmasının tərəfdarıdır.

Azərbaycanın müxalifət partiyaları da seçki komissiyalarının paritet əsasda formalaşdırılmasını tələb edir.

"ATƏT-in qaldırdığı məsələyə münasibətimiz müsbətdir. Lakin bu istiqamətdə hələlik heç bir irəliləyişin şahidi olmuruq. Hələ paritetlik bir tərəfə qalsın, heç müxalifətin bu qurumda təmsilçiliyi öz həllini tapmayıb. Biz də çalışırıq ki, heç olmasa müxalifətə aid olan yerlər onlara verilsin. Çox təəssüf ki, bu istiqamətdə hələ bir müsbət nəticə yoxdur."- deyə BQP sədri bildirdi.

Bununla belə partiya sədri hesab edir ki, MSK-da müxalifətin təmsilçiliyi məsələsi müsbət həllini tapacaq. "Yəqin ki, bu məsələ yoluna qoyulacaq. Çünki bununla bağlı müəyyən işlər görülür. Hesab edirəm ki, yaxın zamanlarda bu, mümkün olacaq."

F.Mustafa onu da əlavə edib ki, sədri olduğu partiyanın da təmsilçilik məsələsinin həllini tapması üçün parlament rəhbərliyinə müraciət edib. "Milli Məclisin spikeri Oqtay Əsədova məktub yazıb, öz namizədlərimizi təqdim etmişik. Bizim partiyanın seçki komissiyalarında təmsil olunmamasını qanun pozuntusu hesab edir və bunun həllini tapmasını istəyirik"- deyə əlavə edib.

Qeyd edək ki, MSK-da parlament azlığı olaraq Müsavat Partiyasına ayrılan 3 yer boşdur. Bu partiya nümayəndələrini MSK-ya göndərməyib. Parlamentdəki digər müxalifət partiyaları bu yerlərin onların arasında bölüşdürülməsini istəyir.

Yaşar
Milli.Az