Azərbaycanda “Asiya-1” tipinə qarşı peyvəndləmə başlayıb - FOTO

14 Fevral 2019 14:45

Cari ilin ilk günlərindən başlayaraq bütün ölkə ərazisində olduğu kimi, Kürdəmir rayonunda da kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Milli.Az-a verilən məlumata görə, Kürdəmir Rayon Baytarlıq İdarəsi tərəfindən rayonun Karrar kənd sakini Əliyev Mamed Xəlil oğluna məxsus şəxsi təsərrüfatda olan 40 baş iribuynuzlu heyvanda qarayara, dabaq, 500 baş xırdabuynuzlu və 5 baş təkdırnaqlı heyvanda qarayara, 10 baş itdə quduzluq xəstəlikləri əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb.

Ümumiyyətlə, cari ilin tədbirləri başlayandan indiyə kimi rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında saxlanılan 51 247 baş iribuynuzlu, 102 174 baş xırdabuynuzlu, 678 baş təkdırnaqlı heyvanda qarayara, 3531 baş itdə quduzluq xəstəliklərinə qarşı profilaktik peyvəndləmə və 10 600 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb. Həmçinin 3992 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunəsi götürülüb.

Fevral ayının 10-dan Kürdəmir rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı (A,O, "Asiya-1" tipinə qarşı) peyvəndləmə tədbirinə başlanılıb. Artıq 10 445 baş iribuynuzlu heyvanda bu tədbir aparılıb.

Qeyd edək ki, aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də maariflənmə işi apararaq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verir, təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər.

Kürdəmir rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiros, quşlarda nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Milli.Az