Başqa ölkələrin avtomobilləri ilə qayda pozanların da cərimə ödəməsi mümkündür - Sadə və praktik təklif

14 Fevral 2019 12:42

Gürcüstandan və başqa ölkələrdən müvəqqəti gələn avtomobillərlə qayda pozulmasına görə cərimələrin ödənilməsi ilə bağl maraqlı fikirlərə rast gəldim. Belə bir problemin olmasını illərdir ki, qeyd edirik. Özü də təkcə avtomobil nömrəsi ilə bağlı deyil, həm də xarici ölkələrin sürücülük vəsiqələri ilə bağlı bu problem var. Problemin həlli isə xırda hüquqi və İT işi tələb edir.

Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Ekspertin fikrincə, bunun üçün DYP-nin mərkəzi informasiya sisteminin Dövlət Gömrük Komitəsi (DGK), Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Miqrasiya Xidməti (DMX) ilə inteqrasiyası təmin edilməlidir: "Həmin qurumların üzərinə qanunvericiliklə vəzifə qoyulmalıdır ki, xaricdən daxil olan bütün avtomobillərin qeydiyyat nişanını və ona dair başqa zəruri məlumatları, sürücünün isə vəsiqəsi və ölkədə qeydiyyata düşəcəyi ünvanı elektron bazaya daxil etsinlər. Bundan sonra həmin avtomobillər və onların sürücüləri də bizim kimi DYP-nin mərkəzi informasiya sistemində görünəcəklər. Onlar da elektron və ya adi qərarla məsuliyyətə cəlb oluna biləcəklər. Xaricə döndükdə isə sərhəddə bütün cərimələri dərhal görünəcək və ödənilməsi tələb olunacaq".

Amma Ə.Hüseynovun sözlərinə görə, öz ölkəsində nömrəsi dəyişilmiş avtomobilin təkrar Azərbaycana gələrkən ban nömrəsi ilə yoxlanılması indi praktiki olaraq çox qəlizdir, çünki həmin məlumat DGK-da var, DYP-də isə yoxdur.

Yusif Nəsirli
Milli.Az