"Airbus" ən iri sərnişin təyyarələrinin tədarükünü dayandırır

14 Fevral 2019 12:15

Avropanın "Airbus" aviakonserni iki ildən sonra A380 iri sərnişin təyyarələrinin tədarükünü dayandıracaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna səbəb əsasən "Emirates" şirkəti tərəfindən bu avialaynerlərin sifarişinin azalmasıdır. Belə ki, "Emirates" A380-lərin sifariş portfelini 162-dən 123-dək azaldır. Digər şirkətlərdən də sifarişlərin azaldığını nəzərə alan "Airbus" 2021-ci ildə A380-lərin tədarükünü dayandırmaq qərarına gəlib.

Bununla belə, şirkət əmin edir ki, istismarda olan təyyarələrə texniki dəstəyin göstərilməsi davam edəcək. Şirkətin baş direktoru Tomas Enders bildirib: "Unutmayın ki, A380 təyyarələri istənilən halda uzun illər boyu havaya qalxacaq və əlbəttə ki, "Airbus" A380-lərin operatorlarına tam dəstək göstərəcək".

Qeyd edək ki, "Airbus A380" dünyada ən iri seriyalı sərnişin avialayneridir. Onun ilk versiyasının maksimum tutumu 853 nəfər, uçuş kütləsi 575 ton, uçuş məsafəsi 15,2 min km, kreyser sürəti isə saatda 945 km-dir. Nəhəng hava gəmisinin ilk uçuşu 2005-ci ilin aprelində həyata keçirilib.

Milli.Az