Panama Avropa İttifaqındakı səfirini geri çağırıb

14 Fevral 2019 08:03

Panama Avropa İttifaqındakı səfirini məsləhətləşmələr üçün 30 günlük geri çağırılması barədə qərar qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna səbəb Panamanın çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üzrə kifayət qədər etibarlı mexanizmləri olmayan ölkələrin siyahısına daxil edilməsi olub.

Nazirliyin məlumatında deyilir: "Bu gün Avropa Komissiyası tərəfindən dərc edilən siyahının bir ay ərzində Avropa Parlamentinə təqdim ediləcəyini nəzərə alaraq Panama höküməti Avropa Komissiyasını narahat edən detalların izahlarını təqdim etmək üçün kommunikasiya kanalı yaratmaq cəhdlərini davam etdirəcək. Kanal yaradılana qədər Panama höküməti Avropa İttifaqındakı səfiri Migel Verzbolovskisi geri çağırır və əlavə addımlar haqqında elan etmək üçün 30 günlük müddət müəyyən edir".

Qeyd edək ki, ötən gün Avropa Komissiyası çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üzrə kifayət qədər etibarlı mexanizmləri olmayan ölkələrin siyahısını yeniləyib. Siyahıda ilk pillələrdə Samoa, Əfqanıstan və Baham adaları yer alıblar. Ümumilikdə siyahıya 23 ölkə və ərazi daxil edilib.

Milli.Az