İspaniyada 200.000-dən çox yeni iş yeri açılacaq - SƏBƏB

13 Fevral 2019 16:30

Atmosferə istixana qazları tullantılarının azaldılması üçün zəruri tədbirlər 2030-cu ilə qədər İspaniyada 200.000-dən çox yeni iş yeri açılmasını təmin edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iqlim dəyişmələrinə qarşı mübarizəyə dair Paris Sazişinin həyata keçirilməsi nəticəsində Avropa əmək bazarı daha çox faydalanacaq. Bu sazişin yerinə yetirilməsi yaxın vaxtlarda Aİ üzvü olan bütün ölkələr tərəfindən zəruri tədbirlər görülməsini nəzərdə tutur. Bu da öz növbəsində iqtisadiyyatın inkişafına və məşğulluq problemlərinin həllinə müsbət təsir göstərəcək. Avropa 2030-cu ilə qədər istixana qazları tullantılarını 40 faiz azaltmağı öhdəyə götürüb. 2050-ci ilə qədər Aİ ölkələrinin iqtisadiyyatı tamamilə karbonsuzlaşdırılacaq.

İstixana qazları tullantlarının məhdudlaşdırılması üçün investisiyalar və bərpa olunan enerji mənbələrinə üstünlük verilməsi nəticəsində 2030-cu ilə qədər Avropa İttifaqında məşğulluq əvvəl gözlənildiyindən 0,5 faiz çox artacaq. "Eurofound"un məlumatına görə, fotoelektrik avadanlığının potensialı 2030-cu ilə qədər İspaniyada 200 mindən çox yeni iş yeri açılmasını təmin edəcək.

"Eurofound"un baş tədqiqatçısı Donald Storrinin sözlərinə görə, İspaniya əmək bazarı üçün ən böyük üstünlük fotoelektrik energetikasının inkişaf potensialının yüksək olması ilə bağlıdır. Alimin proqnozlarına görə, bu enerji mənbəyindən istifadənin genişlənməsi nəticəsində elektrik enerjisi qiymətlərinin də azalacağı gözlənilir.

Bu əsrin əvvəlindən başlayaraq İspaniyada külək energetikası sürətlə inkişaf edir. Hazırda ölkədə bərpa olunan enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin təqribən yarısı külək enerjisinin payına düşür.

Milli.Az