Boks üzrə açıq birincilik başa çatıb - FOTO

12 Fevral 2019 21:38

Şağan Olimpiya İdman Kompleksində 2003-2004-cü il təvəllüdlü boksçular arasında "Təhsil" Respublika İdman Mərkəzinin (RİM) açıq birinciliyi keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, birincilikdə nazirlik sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən, idman klublarından 25 komanda olmaqla 182 idmançı mübarizə aparıb.

On dörd çəki dərəcəsi üzrə keçirilən yarışlarda komanda hesabında I yerə "Təhsil" RİM-in 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yerə Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, III yerə Astara rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası layiq görülüb.

Qaliblər kubok, medal və diplomlarla təltif ediliblər.

Birinciliyin keçirilməsində məqsəd "Təhsil" Respublika İdman Mərkəzinin müvafiq yaş qrupu üzrə yığma komandasının formalaşdırılması, uşaq və yeniyetmələr arasında boks idman növünün təbliği və idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarət olub.

Milli.Az