Anar Bağırov: "Bu il Azərbaycanda vəkillərin sayı 2000 nəfəri keçəcək"

12 Fevral 2019 18:39

Bu il Azərbaycanda vəkillərin sayı 2 minə çatdırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

A.Bağırovun sözlərinə görə, kollegiya ölkədə vəkillərin sayının artırılması və vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərilməsi istiqamətində tədbirlərini davam etdirir:

"Hazırda ölkədə 1503 vəkil fəaliyyət göstərir. Ötən ilin sonunda 106 nəfər namizəd də birinci mərhələdən uğurla keçib. Əminəm ki, həmin şəxslərin də əksəriyyəti bu il vəkil adını qazanacaq. Eyni zamanda artıq onlarla hüquqşunas bizə müraciət edərək vəkil olmaq istədiklərini bildirirlər. Ümid edirəm ki, bu ilin sonuna qədər ölkədə vəkillərin sayı 2 min nəfəri keçəcək. Bundan sonra hər il ölkədə vəkillərin sayı artırılacaq".

A.Bağırov bildirib ki, ötən il Azərbaycan Vəkillər Kollegiyasına 600 vəkil qəbul edilib.

Milli.Az