Qazaxıstan idmançısı yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkür etdi

12 Fevral 2019 18:09

Qələbə şansı hər bir idmançıda var, ən əsası bu şansdan yararlanaraq əlindən gələni etməkdir.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçısı, Qazaxıstan gimnastı Pirməmməd Əliyev deyib.

P.Əliyev bildirib ki, məşq prosesi çox yaxşı davam edir:

"Azərbaycan Gimnastika Federasiyasına bizi çox yaxşı qarşıladıqlarına və bütün şəraiti yaratdıqlarına görə təşəkkür edirik".

Gimnast bildirib ki, Dünya Kubokunda rəqabət güclü olacaq:

"Çox ciddi rəqabət olacaq, çünki müxtəlif ölkələrdən çox güclü idmançılar iştirak edəcək. Bütün idmançıları öz rəqibim hesab edirəm və onları keçmək üçün əlimdən gələni etməyə çalışacağam".

Qeyd edək ki, Bakıda fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı keçiriləcək.

Turnirdə 31 ölkədən 200-dən artıq gimnastın mübarizə aparacağı gözlənilir. 2019 və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku yarışı keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.

Ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) təşkil olunub. Bu il baş tutacaq yarışa marağın səbəbi isə kubokun təsnifat xarakterli olmasıdır.

Ölkəmizi turnirdə batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz Mixail Malkin təmsil edəcəklər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" kuboku da təqdim olunacaq.

Milli.Az