Misirdə 4400 illik tabut tapıldı

12 Fevral 2019 13:37

Misirin Qahirə şəhəri yaxınlığındakı Sakkara arxeoloji kompleksində yeni sərdabə tapılıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu günə qədər toxunulmayan və qarətçilər tərəfindən yeri bilinməyən sərdabə 4400 il əvvələ aiddir. Bu barədə Misirin qədim abidələr işi üzrə naziri Xalid əl-Ənnani məlumat verib.

Sərdabə Misirin ali kahini üçün inşa edilib. Qəbirdə eramızdan əvvəl III minilliyin ortalarında yaşayan Vati adlı kahin dəfn edilib.

Sərdabənin daxilində 55 heykəl aşkar edilib. Onlardan çoxu yaxşı qalıb. Sərdabədə 5 oyuq var. Arxeoloqlar Vatinin mumiyalanmış meyitinin hansı sarkofaqda olduğunu müəyyən edə bilməyiblər. Sərdabənin iki səviyyəsi var. Yuxarıda 24, aşağıda 31 heykəl var. Bir çox heykəl dinə aiddir və ya insanları təsvir edir. Sərdabədə tapılan heroqliflər kahinin anası və arvadını, eyni zamanda digər qohumlarına aiddir.

Bundan əlavə, arxeoloqlar o dövrün inşaat, kulinariya və digər fəaliyyətlərinə dair müxtəlif rəngli rəsmlər tapıblar. Sərdabə tapıldıqdan sonra yerli əhali arasında onun lənətlənmiş olduğu, bu günə qədər bu səbəbdən toxunulmadığı barədə şayələr dolaşmağa başladı. Alimlər isə bunu şayə və xürafat adlandırıblar.

Milli.Az