Məktəblərdə müəllim-şagird nisbəti yeni metodologiya ilə müəyyən ediləcək

12 Fevral 2019 10:49

Nazirlər Kabineti "Müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi metodologiyası"nı təsdiq edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeni metodologiya Dövlət Statistika Komitəsinin təklifi nəzərə alınmaqla hazırlanıb.

Bu metodologiya statistik müşahidələrin nəticələri əsasında formalaşan rəsmi statistik məlumatlardan istifadə edilməklə, ümumi təhsilin hər bir səviyyəsi üzrə müəllim-şagird nisbətinin hesablanması üsulunu müəyyənləşdirir.

Sənəddə qeyd edilir ki, müəllim-şagird nisbəti ümumi təhsilin hər bir səviyyəsi üzrə şagirdlərin ümumi sayının həmin səviyyə üzrə tədris edən müəllimlərin ümumi sayına nisbəti ilə müəyyən edilir.

Ümumi orta təhsil səviyyəsində tədris edən müəllimlər tam orta təhsil səviyyəsində də tədris etdikləri üçün ümumi təhsilin bu səviyyəsində müəllim-şagird nisbətinin hesablanması məqsədi ilə ilk növbədə həmin təhsil səviyyəsində tədris edən müəllimlərin nisbi sayı müəyyən edilməlidir. Bunun üçün ümumi orta təhsil səviyyəsində təhsil alanların sayının həm ümumi, həm də tam orta təhsil səviyyəsi üzrə şagirdlərin ümumi sayında xüsusi çəkisindən istifadə olunur.

Milli.Az