Hernandesdən “Real” etirafı

12 Fevral 2019 08:23

İspaniya La Liqasında mübarizə aparan "Atletiko"nun müdafiəçisi Lukas Hernandes maraqlı açıqlamalar verib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, İspaniya mətbuatına danışan Fransa millisinin üzvü, 2017-ci ildə "Real"dan transfer təklifi aldığını etiraf edib:

"Təxminən iki il əvvəl "Real" menecerim vasitəsilə mənə təklif göndərdi. Amma həmin vaxt özümü "Atletiko"ya borclu hiss etdim. Buna görə də, bu təklif haqqında düşünmədim".

22 yaşlı futbolçu yanvar ayında Avropanın böyük klublarının birindən təklif aldığını da deyib:

"Yanvar ayında Avropanın bir başqa klubundan da təklif gəldi. "Atletiko" rəhbərliyini bu vəziyyətdən xəbərdar etdim. Rəhbərlik getməyimi istəmədiyini açıq şəkildə bildirdi və mənə düşünməyim üçün vaxt verdilər. Sonda fikirlərimdə dəyişiklik oldu və hamımız bu təklifi mövsümün sonunda yenidən nəzərdən keçirəcəyimizi bildirdik".

2007-ci ildən "Atletiko"nun aşağı yaş qruplarında çıxış etməyə başlayan Hernandes, indiyə qədər İspaniya klubunun heyətində iştirak etdiyi 110 oyunda 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az