Bakıda qaynını evə görə öldürən şəxsə hökm oxundu

11 Fevral 2019 17:54

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynı Mərkəz Quliyevi öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M.Quliyev işləmək üçün Rusiyaya gedib. Daha sonra Bakıda yeznesi E.Məmmədovun adına özü üçün mənzil alıb. M.Quliyev hadisədən bir müddət əvvəl Rusiyadan Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Lakin hər iki şəxs arasında mübahisə düşüb, iş məhkəməyə qədər gedib çıxıb. Məhkəmə binasına yaxınlaşanda E.Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan M.Quliyevin başına zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. Daha sonra E.Məmmədov yerdə uzanılı vəziyyətdə olan M.Quliyevə daha 9 zərbə endirib. Bundan sonra yaxındakı adamların köməkliyi ilə M.Quliyev xəstəxanaya yerləşdirilib. Lakin o, bir neçə gün sonra vəfat edib.

Xatırladaq ki, bu il mayın 13-də qətlə yetirilmiş M.Quliyevin 17 yaşlı oğlu Pənah Quliyev qəbul imtahanından çıxandan sonra gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edib.

Milli.Az