Uşaqlar dişlərini səhər yuxudan oyanan kimi deyil, yeməkdən sonra yusunlar

11 Fevral 2019 23:49

Stomatoloji problemlərin əksəriyyəti kariyeslə başlayır. Dişlərdəki mina qatı orqanizmdə ən sərt toxumadır. Buna baxmayaraq, xarici mühit amillərinin təsirinə daha çox məruz qalır. Dişlərə düzgün qulluq edilməzsə və orqanizm sağlam olmazsa, mina qatı zədələnə bilər.

Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri, tibb elmləri namizədi Məhəmməd Davudov məlumat verib.

Şöbə müdiri deyib: "Ağız boşluğunun özünəməxsus pH-ı, yəni mühiti var. Əgər biz çox şirin və karbohidratlarla zəngin qida qəbul edəriksə, ağız boşluğundakı mühit turşuluğa doğru dəyişəcək. Ağız boşluğunda mikroorqanizmlər çoxdur, lakin normal mühit onların miqdarını tarazlıqda saxlayır. Balans pozulanda həmin mikroorqanizmlərin sayı arta və ağız boşluğunda zərərli təsirlərə yol aça bilər. Turş mühit mina qatını aşındırır və kariyes yaranır. Bununla yanaşı, dişlərdəki xroniki çatlar da mina qatına mənfi təsir edir. Nəticədə dişlərdə mineralların dağılması prosesi baş verir. Kariyesin fəsadları çoxdur. Belə ki, o, pulpit, periodentid, dişin itirilməsi, daha ağır fəsadlar - abseslər, fleqmonalar, çənə sümüyünün irinləməsi ilə nəticələnə bilər. Kariyes pulpaya çatanda kəskin ağrılar olur. Bəzən xəstələr ev şəraitində müxtəlif dərman preparatları ilə özlərini müalicə edirlər. O zaman artıq pulpa da nekrozlaşır. Bu zaman hissiyyat itir. Diş tam dağılsa da, sonradan ağrılar olmur. Plomblama zamanı pulpanı çıxaranda diş ölür. Çünki diş pulpa ilə qidalanır. Buna baxmayaraq, ağrı, diskomfort hissinin qarşısını almaq üçün bəzən pulpanın çıxarılmasına ehtiyac yaranır".

Mütəxəssis bildirib ki, orqanizmdə kalsium çatışmazlığı da stomatoloji problemlərə səbəb ola bilər.

"Hamilə qadınların orqanizmlərində baş verən dəyişikliklər dişlərdə də özünü göstərir. Stomatoloqlar qadının hamiləliyi ilə əlaqədar bəzən istənilən müdaxiləni edə bilmirlər. Çünki anesteziloji məhlullar, keyidicilər dölə təsir etdiyindən ilk və son üç ay kritik dövr hesab edilir. Ona görə də tibbi müdaxilə zamanı istifadə edilən dərmanların miqdarı, istifadəsi qadağan olan preparatlar haqqında ginekoloqlarla məsləhət edilməlidir. Belə çətinliklərin yaşanmaması üçün hamiləliyin planlaşdırılmasından əvvəl ağız boşluğu müayinə olunmalı və stomatoloji problemlər aradan qaldırılmalıdır. Çünki hamilə qadının dişi çürüyərsə, əmələ gələn bakteriya və toksinlər dölə də təsir edir".

Məhəmməd Davudov "ağıl dişi" haqqında da məlumat verərək deyib: ""Ağıl dişi" "müdriklik dişi" də adlanır. Adətən 18-25 yaşdan sonra çıxdığından çox zaman çənədə yer olmur. Ona görə də bu diş müxtəlif əyri vəziyyətlərdə çıxır və ağrı hissi verir. Bəzən isə həmin diş çıxdıqda onunla diş əti arasında boşluq yaranır. Bu zaman yeyilən qidalar həmin boşluğa dolur. Nəticədə diş tam çıxmadan tacı ətrafında kariyes yaranır, diş dağılır, ağrılar verir. Bəzən pasiyentlər mütəxəssislərə diş-çənə anomaliyaları ilə müraciət edirlər. Bu dişlər anomaliyaların aradan qaldırılmasına mane olduğu üçün xaric edilir. Ağıl dişləri cərrahi təcrübəsi olan həkim tərəfindən çəkilməlidir. Mütləq şəkildə dişin rentgen müayinəsi aparılmalıdır. Bu müayinə olmadan ağıl dişinin çəkilməsi böyük məsuliyyətsizlikdir".

Mütəxəssis dişlərin xarab olmaması üçün qidalanmaya fikir verməyi və ağız boşluğuna doğru qulluq etməyi tövsiyə edib: "Uşaqlar dişlərini səhər yuxudan oyanan kimi deyil, yeməkdən sonra yusunlar. Çünki onların tüpürcəklərində immun sisteminin interferon adlanan maddəsi var. Onu udmaları uşaqların orqanizmləri üçün xeyirlidir. Axşam yatmazdan əvvəl dişləri fırçalamaq vacibdir. Dişlərin sağlamlığı üçün gün ərzində daha çox maye qəbul etmək faydalıdır. Çünki su ağız boşluğunu həm nəm saxlayır, həm də onun mühitinin turşuluğa doğru dəyişməsinin qarşısını alır".

Milli.Az