Tramp senatorlara hesabat verməkdən yayındı

9 Fevral 2019 20:47

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun jurnalist Camal Xaşoginin qətlində əli olub-olmadığı barədə Amerika Konqresinin senatorları qarşısında məruzə etməkdən yayınıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Senatın xarici məsələlər üzrə komitəsi hələ oktyabrın 10-da vəliəhd şahzadənin Xaşoginin ölümündə əli olub-olmamasını müəyyənləşdirmək və 120 gün ərzində öz qərarı barədə qanunvericilərə hesabat vermək tələbi ilə Donald Trampa məktub ünvanlamışdı. Müəyyən olunmuş vaxt fevralın 8-də sona çatıb.

ABŞ administrasiyası isə öz növbəsində prezidentin sorğuya cavab vermək öhdəliyinin olmadığını bildirib. Ağ Ev nəzdində milli təhlükəsizlik şurasında olan digər mənbənin sözlərinə görə, prezidentin müəyyən olunmuş vaxtda senatorların sorğusuna cavab vermək kimi hüquqi məsuliyyəti yoxdur. Lakin Dövlət Departamenti gün ərzində senatorlara izahat məktubu göndərəcək. Məktubun mövzusu barədə məlumat verilmir. Administrasiyadakı digər mənbələr isə Trampın Xaşoginin qətli ilə bağlı qanunvericilərlə müzakirələr aparmağa davam edəcəyini və günahkarların məsuliyyətə cəlb edilmələri üçün tədbirlər görəcəyini deyiblər.

Xatırladaq ki, Camal Xaşogi oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının Baş prokurorluğu jurnalistin diplomatik missiyada yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də sonradan cinayətin planlı şəkildə törədildiyini, cəsədin isə hissələrə bölünərək diplomatik kompleksdən çıxarıldığını etiraf etmişdi.

Camal Xaşogi Ər-Riyadın siyasətinə qarşı tənqidi münasibəti ilə tanınırdı. 2017-ci ildə ABŞ-a köçən jurnalist "The Washington Post" qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.

Milli.Az