"Sabah" klubu azad agent statuslu hücumçu axtarır

9 Fevral 2019 19:48

"Belə oyun barədə danışılası çox şey var. İkinci görüşdür qırmızı vərəqə alırıq. Amma bunun intizamsızlıqdan irəli gəldiyini deməzdim".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XVI turunda evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra söyləyib.

O, deyib ki, azlıqda qalmaqlarına rəğmən, rəqibə qarşı yaxşı müqavimət göstəriblər:

"Deviçin ikinci sarı vərəqə aldığı epizod barədə dəqiq bir söz deyə bilmərəm. Onu kimi peşəkar futbolçunun Azərbaycanda olması qürurvericidir. Ona cəza verməyi düşünmürəm".

Əhmədov "transfer pəncərəsi" bağlanmasına baxmayaraq, azad agent statusu daşıyan hücumçu axtardıqlarını vurğulayıb.

Milli.Az