Deputat: "Büdcədə neftin payı sıfıra endirilməlidir"

9 Fevral 2019 16:20

İranın dövlət büdcəsində neftin payı sıfıra endirilməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin milli istehsala dəstək xüsusi komissiyasının sədri, Sənaye və mədənlər komissiyasının üzvü Həmidrza Fuladgər deyib.

H.Fuladgərin sözlərinə görə, hazırda İran büdcəsində neftin payı üçdə birə, yəni 31%-ə endirilib:

"Bu tendensiya davam etməli və neftin payı büdcədə sıfıra endirilməlidir. Neftin pulundan xərclər üçün deyil, investisiya kimi istifadə olunmalıdır".

Komissiya üzvü qeyd edib ki, İran neft-kimya, nəqliyyat sahələrində böyük irəliləyişlər əldə edib:

"Ərzaq sənayesi, telekommunikasiya, informasiya texnologiyaları sahəsində irəliləyişlər əldə olunub".

İranlı deputat əlavə edib ki, xarici valyuta bazarında qeyri-stabillik iqtisadiyyat və xərclərə öz mənfi təsirini göstərir.

Milli.Az