“Amaliya Pənahovanın qəbirüstü abidəsini övladları qoyacaq” - YENİLƏNİB - FOTO

8 Fevral 2019 12:53

12:53

Dünəndən Xalq artisti Amaliya Pənahovanın qəbirüstü abidəsinin hələ də qoyulmaması sosial şəbəkələr və mediada müzakirə olunur. Mədəniyyət Nazirliyi üç aydır ki, dünyasını dəyişən məşhur aktrisanın büstünün hazırlanması ilə Bakı Şəhər İcra Hakimiyyətinin məşğul olduğunu bildirsə də, qarşı tərəf bundan xəbərsiz oluğunu qeyd edib. 

Milli.Az bildirir ki, qafqazinfo mərhum sənətkarın qurucusu olduğu Bakı Bələdiyyə Teatrının Truppa müdiri Zemfira Babayeva ilə əlaqə saxlayıb. O, hazırda məşqlərdə olduğunu, mövzu barədə əməkdar artist Əfqan Soltanovun cavab verəcəyini bildirib. 

Teatrın aktyoru isə qafqazinfo-ya bildirib ki, A.Pənahovanın qəbirüstü abidəsi ilə övladları - İlqar və Aynur Muxtarovlar məşğuldur:

"Büst, demək olar ki, hazırdır. Bir müddət sonra qoyulacaq. Bu işlə nə nazirlik, nə də icra hakimiyyəti məşğuldur. Qəbirüstü abidə ailəsi, övladları tərəfindən hazırlanır". 

----------
09:04

Xalq artisti Amaliya Pənahovanın dəfnindən 3 aydan çox vaxt keçməsinə baxmayaraq, onun qəbirüstü abidəsi hələ də hazırlanmayıb.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, ötən ilin noyabrında dünyasını dəyişən mərhum xalq artisti "Qurd qapısı" qəbiristanlığında həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında dəfn edilib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov diqqətə çatdırıb ki, qəbirüstü abidənin hazırlanması ilə Bakı Şəhər İcra Hakimiyyəti məşğuldur.

Meriyadan isə bildirilib ki, xalq artistinin qəbirüstü abidəsinin hazırlanması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində hər hansı bir məlumat yoxdur.

Milli.Az