Sarqsyan müdafiə "ordusu" toplayır

7 Fevral 2019 19:09

Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarqsyan vəkillər komandasını formalaşdırır.

Bu barədə Milli.Az Sputnik Ermənistan nəşrinə istinadən xəbər verir. 

Son günlər Sarqsyanın 1 mart 2008-ci il hadisələri ilə bağlı aparılan istintaq işi çərçivəsində dindirilməsinə dair məlumatlar yayılıb. "Aykakan Jamanak" nəşri yazır ki, Sarqsyan Xüsusi İstintaq Komitəsində (XİK) 5 saat dindirilib.

"Qraparak" nəşri isə bu sorğunun ilk olmadığını qeyd edib: "Buna qədər o, bir neçə dəfə sorğu-sual edilib. Ötən gün də XİK-də olub".

Bu arada, XİK-dən xəbəri təsdiqləməyiblər. Bildiriblər ki, onlar bununla bağlı heç bir sualı cavablandırmayacaqlar.

"Qraparak"-ın məlumatına görə, Sarqsyan müdafiəsi üçün sabiq ədliyyə nazirləri David Arutyunyan və Arpine Ovannisyanın rəhbərliyi ilə professional vəkil komandası formalaşıb: "Bizdə olan məlumata görə, Sarqsyanın "qoruyucuları" ötən gün Ermənistan Respublikaçı Partiyasının binasında görüşüblər və orada xeyli müddət müzakirələr aparılıb".

David Arutyunyan özü vəkillər komandasının yaradılması barədə məlumatı təsdiqləməyib: "Xeyr, bu suala cavab verməyəcəyəm. Sarqsyanın sorğu-sual edilməsinə də dair məlumatı şərh etmirəm. Sizdə buna dair düzgün məlumat yoxdur".

Ermənistan Respublikaçı Partiyasının binasındakı görüşə gəldikdə isə, Arutyunyanın sözlərinə görə, müzakirələr tamam başqa mövzu ətrafında aparılıb.

Milli.Az