“Facebook” reklamdan nə qədər qazanıb?

9 Fevral 2019 22:40

Amerikanın sosial şəbəkəsi -"Facebook" 2018-ci ilin 4-cü rübü ilə bağlı maliyyə nəticələrini açıqlayıb.

Milli.Az facemark.az-a istinadən bildirir ki, hesabata görə, şirkətin reklamdan gəlirləri ötən il 55 milyard dolları keçib. 2017-ci ildə isə bu rəqəm 39,9 milyard dollar olub. 2018-ci ilin 4-cü rübündə isə göstəricilər 16,6 milyard dollara çatıb. Bu isə 2017-ci ilin analoji dövrü ilə müqayisədə 30%-lik böyümə deməkdir.

Reklam gəlirlərinin böyük hissəsi mobildən gəlib. 2018-ci ilin 4-cü rübündə mobildən gələn gəlirlər reklamdan gələn gəlirlərin ümümi payında 93% təşkil edib. 2017-ci ilin analoji dövründə mobildən gələn gəlirlərin payı daha az 89% olub. Bu o deməkdir ki, gəlirlərin əsas drayveri yenə də mobil olaraq qalır.

Sosial şəbəkənin xalis mənfəəti illik 39% artaraq 22,2 milyard dollara yüksəlib. 4-cü rüb ilə bağlı göstəricilər isə 6,9 milyard dollar olub. 2017-ci ilin analoji dövründə isə adıçəkilən göstərici 4,3 milyard dollar qeydə alınmışdı. Aktiv istifadəçilərin illik artımı 9% olub və 1,5 milyard nəfərə yüksəlib. Hesabatda qeyd olunub ki, bütün aktiv kompaniyalarda "Facebook", "Instagram", "WhatsApp" və yaxud "Messenger"də ümumi istifadəçi bazası 2,7 milyard nəfərdir.

Milli.Az