Smartfona zəng gəlməyəndə də baxanlarda nomofobiya ola bilər

9 Fevral 2019 23:45

"Mobil telefonsuz qalmaq mümkün deyil" deyirsinizsə, demək nomofobiyadan əziyyət çəkirsiniz. Nevrologiya mütəxəssisi doktor Mehmet Yavuz hesab edir ki, smartfon və internet istifadəsinin artması ilə birlikdə, qorxulu səviyyəyə çatan nomofobiya, telefonun intensiv və nizamsız istifadə edilməsi nəticəsində meydana gəlir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, smartfonunuzun sonməsini görmək nəfəsinizi kəsir, bayıra çıxdıqda dərhal telefonunuzu enerji blokunu doldurmaq üçün bir yer axtarırsınız, telefonunuzu təmirə vermək boş və əbəs bir iş hesab edirsiniz, smartfonun adapterini kiməsə vermək istəmirsiniz, telefonunuzu evdə qaldığı üçün dərsə qulaq asmaqda məcbur qalırsınızsa, onda çox diqqətli olun! Smartfonunuzun evdə qalması qorxusu olaraq açıqlanan nomofobiya demək olar hər birimizin vaxtaşırı yaşadığı bir haldır.

Nevrologiya mütəxəssisi doktor Mehmet Yavuz, smartfondan məhrum olmaq qorxusu kimi, tanınan nomofobiyanın müasir dövrün ən geniş yayılmış sindromları arasında olduğunu vurğulayaraq, belə deyib: "Smartfon ilə rabitənin kəsilməsindən ifrat qorxma, smartfonda siqnalın kəsilməsi ehtimalının da güclü stressə yol açması nomofobiyadır və bu daha ciddi problemləri özü ilə birgə gətirə bilər.

Daha çox yetkinlik dövründəki uşaqlarda və gənclərdə rast gəlinən nomofobiyanın, insanlarda çatışmazlıq hissini yaradaraq, bədbəxt və narahat hiss etməsinə yol açdığını vurğulayan Mehmet Yavuz, nomofobiyanın insanlarda itirmə qorxusu və asılılıq hisslərini oyatdığını bildirib: "Texnologiyanın gətirdiyi tənhalıq və virtual əlaqələr, insanları təcrid olunmuş bir dünyaya həbs edirsə, nomofobiya məhrum olma hissini yaradır. Həmçinin beyinin mükafat-cəza sistemini pozaraq, deformasiyasına səbəb ola bilər. İnsan asılı olduğu şeyi əldə edə bilməyəndə özünü çarəsiz və məhrum edilmiş kimi hiss edir. Bununla yanaşı, insan digər asılılıqlarda olduğu kimi, bu vəziyyətdən xilas olmaq üçün cəhdlər edir və tərgitmək üçün müxtəlif sınaqlar edir".

Doktor Mehmet Yavuz qorxulu bir səviyyəyə çatan nomofobiyanın, mobil telefonun çox intensiv və nizamsız istifadə edilməsi nəticəsində əmələ gəldiyini vurğulayır: "Nomofobiya, yəni telefondan uzaq qalmaq qorxusuna qalib gəlməyin ilk qaydası telefondan uzaq qalmaqdır. İlk vaxtlar çox əziyyət çəksəniz də, tez yorulmamalı, üzərinə getməlisiniz. Müəyyən vaxtdan sonra smartfonun rabitə üçün bir ehtiyacınızdan artıq olmadığını görəcək, həyati bir məsələ olmaqdan çıxacağına şahid olacaqsınız. Telefon istifadəsini minimuma endirmək üçün gün ərzində yalnız zəruri hallarda telefonunuzu ələ almalı və gecə yatarkən uzaq bir yerə qoymalısınız. Əgər şəxsən bu məsələ ilə bacara bilmirsinizsə, mütləq mütəxəssislərdən kömək istəyin.

Nomofobiyanın əlamətləri bunlardır:

- Daima telefonu ilə maraqlanmaq,

- Edəcək heç bir şey tapmayanda mütəmadi telefonunu qurdalamaq,

- Telefonu yanında olmadığı vaxtlarda özünü çox gərgin və natamam hiss etmək,

- Mütəmadi telefonunu itirəcəyi hissi keçirmək,

- Çantada və ya cibində olmasına baxmayaraq, daim telefonuna nəzarət etmək,

- Telefonu zəng çalmasa da, telefona baxmaq,

- Sırf telefonunu bağlamamaq üçün təyyarəyə minməmək, teatr və ya kino kimi yerlərə getməmək,

- Telefonu yanından heç vaxt ayırmamaq tipik nomofobiya əlamətləridir.

Daha ağır hallarda telefonun itməsi və ya şəbəkənin olmaması halında insanda:

- Ürəkbulanma,

- Qusma,

- Qarın ağrısı və şiddətli ağrılar,

- Əsəb və stress,

- Tutmalar,

- Baş gicəllənmə kimi şikayətlər müşahidə oluna bilər.

Milli.Az