Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutu yeni texnikalar hazırlayıb
6 Oktyabr 2011 21:53
Son illərdə aqrar sahəyə göstərilən qayğı sayəsində ölkənin kənd təsərrüfatı sürətlə inkişaf edir.
Milli.Az xəbər portalının məlumatına görə, ancaq bununla belə aqrar sektorda məhsuldarlığın aşağı olması problem olaraq qalır. Sirr deyil ki, Aqrar sahədə texniki avandanlıqlar olmadan yüksək məhsul əldə etmək olmaz. Bəs aqrar sektorun texnika ilə etibarlı təminatı üçün hansı işlər görülməlidir? Kəpəz TV bu barədə mütəxəssis rəyini çatdırır.
Məhsuldarlığın aşağı olmasının əsas səbəbi fermerlərin texniki imkanlarının zəif olması, müasir becərmə texnologiyalarının əkinçiliyə tətbiqi sahəsində az məlumatlı olmasından irəli gəlir. Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutunun direktoru Kamil Fətəliyev bildirib ki, hazırda qarşıda duran əsas məsələ əkinçilikdə və heyvandarlıqda mexanikləşdirmənin səviyyəsini artırmaq və məhsuldarlığı yüksəltməkdir. Aqrolizinq xətti ilə xaricdən ölkəyə çoxlu texnikalar gətirilir.
Müsahibimiz bildirib ki, bununla belə hələ də ölkədə kənd təsərrüfatı texnikalarına ciddi ehtiyac var. Onun sözlərinə görə, institut tərəfindən aparılan araşdırmalar zamanı
Azərbaycana lazım olan kənd təsərrüfatı texnikalarının miqdarı və növləri təyin olunub. Nəticələr Nazirlər Kabinetinə təqdim olunub. Təxminən 11-12 min traktor, 2 min kombayn, 6 min kotan və digər texniklar lazımdır. Hesablamalara görə, bu texnikaların əldə edilməsi üçün 300 milyon dollar vəsait lazımdır.
Müsahibimiz, həmçinin, bildirib ki, Almaniyada bir hektara yanacaq sərfiyyatı 15 litrdirsə bizdə mexanikləşdirilmənin səviyyəsinin aşağı olmasına baxmayaraq yanacaq miqdarı qat-qat çoxdur. Bunun əsas səbəbi isə yeni texnika və texnologiyaların tətbiqində olan gecikmələrdir. Müsahibimiz deyir ki, bu isə Azərbaycanda kompleks mexanikləşdirmənin tətbiqini vacib edir. Bunun üçün alimlər tərəfindən yeni kombinə edilmiş qurğular da hazırlanıb. Bu texnikalar çevirmədən 18-20 sm dərinlikdə şumlayır xırdalayır, toxum səpir sonra isə suvarma işləri aparır. Bu isə o deməkdir ki, bir gedişdə 4 aqrotexniki əməliyyat həyata keçirilir. Bu da həm torpağa xeyirdir, həm də enerji və əmək sərfini
aşağı salır.
Müsahibimizin fikrincə, Azərbaycan alimlərinin potensialı bu texnikaların ölkədə yığılmasına imkan verir. Bu həm texnikanın ucuz başa gəlməsinə, həm də yerli şəraitə uyğun şəkildə hazırlanmasına səbəb olardı. Kənd təsərrüfatında məhsuldarlığın artırılması və maya dəyərinin aşağı salınması günün əsas tələblərindəndir. Bu isə elm adamlarının üzərinə böyük vəzifələr qoyur. Müsahibimizin sözlərinə görə, təkcə ötən il ərzində institut tərəfindən 9 yeni maşın və aqreqata patent alınıb ki, bunun da 3-ü Rusiya Federasiyasının patentidir. Həmsöhbətimiz, həmçinin, bildirib ki, fermer təsərrüfatları kiçik olduğundan onların iri aqreqat və maşınları almağa imkanları olmur. Məhz bu problemləri nəzərə alaraq institutun əməkdaşları mini maşınların yaradılması üzərində işləyir və buna da nail olurlar.
Milli.Az